Bakı. Trend:
Ekvador prokurorluğu şənbə günü 2023-cü ildə prezidentliyə namizəd Fernando Vilyavisensionun öldürülməsində şübhəli bilinən yeddi nəfərə rəsmi olaraq "qətl" ittihamı irəli sürüldüyünü açıqlayıb. İttiham olunanlar arasında iki keçmiş solçu siyasətçi, bir iş adamı və cinayətkar dəstənin bir neçə üzvü var.
Keçmiş sosialist prezident Rafael Korreanın (2007-2017) tənqidçisi olan Fernando Vilyavisensio prezident seçkisindən bir həftə əvvəl, 2023-cü il avqustun 9-da Kitoda kolumbiyalı muzdlu qatil tərəfindən güllələnərək öldürülmüşdü. Atəş açan şəxs onun mühafizəçiləri tərəfindən zərərsizləşdirilmişdi.
Prokurorluq şənbə axşamı "X" sosial şəbəkəsində yeddi nəfərə "qətl cinayətində ehtimal olunan iştiraklarına görə" ittiham irəli sürdüyünü açıqlayıb. İttiham olunanlar arasında iş adamı Xavyer Cordan, keçmiş daxili işlər naziri Xose Serrano, keçmiş deputat Ronni Aleaqa, həmçinin "Los Lobos" cinayətkar qruplaşmasının əsas lideri, Pipo ləqəbi ilə tanınan Vilmer Çavarria və bu təşkilatla əlaqəli daha üç nəfər var.
Prokurorluq yeddi şəxsin barəsində həbs qətimkan tədbirinin qüvvədə saxlanılmasını istəyib və xaricdə yaşayan dörd şübhəli barəsində İnterpol xətti ilə qırmızı bülleten elan olunması üçün aidiyyəti orqanlara müraciət edib.
Qətllə əlaqəli beş nəfər 2024-cü ildə 34 ilədək müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. İşlə əlaqəli olduğu ehtimal edilən Kolumbiya vətəndaşı olan altı muzdlu qatil isə həbsxanada öldürülüb.
Fernando Vilyavisensio siyasətə başlamazdan əvvəl jurnalist kimi çalışıb və Rafael Korreanın hökumətindəki korrupsiya hallarını araşdırıb. Onun korrupsiyaya qarşı apardığı araşdırmalarda Xavier Cordanın da adı hallanıb.