Bakı.Trend:
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bankları üçün əməliyyat mühitinin qiymətləndirilməsinə yenidən baxaraq onu əvvəlki “bb-” səviyyəsindən “bb” səviyyəsinə yüksəldib. Proqnoz isə “stabil” olaraq saxlanılıb.
“Yenidən baxılma tənzimləyici nəzarətin gücləndirilməsini və risk əsaslı bank nəzarəti sisteminin tətbiqində əldə olunan sonrakı irəliləyişi əks etdirir. Bu, sektorun tsiklik təzyiqlərə davamlılığını gücləndirməlidir”, - deyə "Fitch"in məlumatında qeyd olunur.
Agentliyin analitiklərinin sözlərinə görə, yeni qiymətləndirmədə Azərbaycanın dayanıqlı kredit profili və dövlət tərəfindən makroiqtisadi sabitliyin dəstəklənməsi də nəzərə alınıb.
“Bu, bank sektorunun əməliyyat mühitinin qiymətləndirilməsi ilə “BBB-/Stable” səviyyəsində olan Azərbaycanın suveren reytinqi arasındakı fərqi azaldır”, - deyə hesabatda bildirilir.
" Fitch" ölkə iqtisadiyyatına xas dövri dalağalanmalara baxmayaraq, Azərbaycanın bank sektorunun maliyyə profili 2026–2027-ci illərdə dayanıqlı olaraq qalacaq.
Beləliklə, agentliyin fikrincə, əməliyyat mühitinin qiymətləndirilməsinin yüksəldilməsi bank sektorunun tənzimləyici bazasının və nəzarət mexanizmlərinin güclənməsini, habelə davamlı makroiqtisadi sabitliyi əks etdirir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, bank sektorunda struktur likvidlik profisiti 2026-cı ilin ilk yarısının yekunlarına görə 6 milyard manata çatıb ki, bu da 2025-ci ilin dekabr ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin may və iyun aylarında 6.43%, iyul ayının ötən dövründə isə 6.39% olub”, -deyə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Azərbaycan Mərkəzi Bankından qeyd edilib ki, struktur likvidlik profisitinin artması bank sektorunun kifayət qədər yüksək kredit potensialına malik olduğunu göstərir.