Bakı. Trend:
48 yaşlı milyonçu vəkil və siyasətçi Abelardo de la Esprielya Kolumbiyanın yeni prezidenti kimi and içib.
İnauqurasiya mərasimi Caracol telekanalında canlı yayımlanıb.
Dövlət başçısı parlament üzvlərinin iştirakı ilə and içərək "Kolumbiyanın Konstitusiyasına və qanunlarına sədaqətlə riayət edəcəyinə" söz verib.
Mərasim Kolumbiyanın paytaxtı Boqotada deyil, ölkənin qərbində yerləşən və üçüncü böyük şəhər olan Kalidə keçirilib. İnauqurasiya mərasimində Argentina, Çili və Ekvador prezidentləri Xavyer Miley, Xose Antonio Kast və Daniel Noboa da iştirak ediblər.
De la Esprielya iyunun 21-də keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən qalib gəlib. O, seçicilərin 49,6 faizinin dəstəyini qazanaraq həmin vaxt hakimiyyətdə olan solçu "Tarixi Pakt" partiyasının namizədi İvan Sepedunu 1 faiz qabaqlayıb. Sepedu 48,7 faiz səs toplayıb.
Seçki kampaniyası zamanı de la Esprielya özünü sistemdən kənar siyasətçi kimi təqdim edib və "ölkənin sol qüvvələr tərəfindən məhv edilməsinin" qarşısını almaq üçün prezidentliyə namizəd olduğunu bildirib.
O, prezident kimi əsas vəzifəsinin cinayətkarlıq və narkotik ticarəti ilə mübarizə olduğunu açıqlayıb. Yeni prezident silahlı qruplaşmalar və narkotik kartelləri ilə hər hansı danışıqların aparılmasına qarşı çıxır.
İqtisadi artımı stimullaşdırmaq üçün de la Espriella dövlət xərclərini əhəmiyyətli dərəcədə azaltmağı, biznes üçün vergi yükünü aşağı salmağı, mədən yanacaqlarının hasilatını artırmağı və onların ixracını genişləndirməyi vəd edib.
Xarici siyasətdə o, ABŞ-la hərbi əməkdaşlığın gücləndirilməsini dəstəkləyir və Amerika hərbçilərinin narkotik kartellərinin laboratoriyalarına qarşı zərbələrdə iştirak etməsi imkanını nəzərdən keçirmək niyyətindədir.