Bakı. Trend:
2026-cı ilin ilk yarısında Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 83 təşkilatda maliyyə nəzarəti tədbirləri başa çatdırılıb.
Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin ilk yarısı üzrə hesabatında bildirilib.
Məlumata əsasən, nəzarət tədbirləri başa çatdırılmış 83 təşkilatdan 51-i hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-si isə plandankənar yoxlamalar çərçivəsində yoxlanılıb.
Hesabat dövründə aparılan nəzarət tədbirləri nəticəsində dövlətə 91,6 milyon manat məbləğində vəsait bərpa edilib.
Bundan əlavə, ilkin maliyyə nəzarəti tədbirləri nəticəsində 2,6 milyon manat məbləğində vəsait üzrə mümkün maliyyə pozuntularının qarşısı alınıb.
Maliyyə Nazirliyindən bildirilib ki, nəzarət tədbirləri dövlət vəsaitlərindən səmərəli istifadənin təmin olunması, maliyyə intizamının gücləndirilməsi və büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.