Bakı.Trend:
Ukraynanın Xarici İşlər Naziri Andriy Sibiha humanitar yardıma görə Azərbaycana təşəkkür edib.
O, bunu Ukraynada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Biz Azərbaycanın müharibənin ilk günlərindən göstərdiyi dəstəyə görə minnətdarıq. İrpendə mülki infrastrukturun bərpası, humanitar yardım, enerji obyektləri üçün avadanlıqların təmin edilməsi və bir çox digər yardımları yüksək qiymətləndiririk. Biz bunu hər zaman xatırlayacağıq. Azərbaycan Prezidentinə, Azərbaycan xalqına və hökumətinə təşəkkürümüzü bildiririk", - deyə o vurğulayıb.
Sibiha Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsində Azərbaycanın sərgilədiyi prinsipial mövqeni yüksək qiymətləndirib.
"Ukrayna da hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir. Bu, münasibətlərimizin dəyişməz təməlidir", - deyə o əlavə edib.
Daha sonra Sibiha bildirib ki, ötən il və bu il ərzində Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yeni dinamikası formalaşıb, bütün səviyyələrdə təmaslar fəallaşıb.
XİN başçısı qeyd edib ki, Ukrayna C.Bayramovun bu səfərini həmin yeni və müsbət dinamikanın növbəti elementi kimi qiymətləndirir.
"Aprel ayında Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana tarixi səfəri baş tutdu. Dövlət başçısı Prezident İlham Əliyevlə məzmunlu danışıqlar apardı. Biz mühüm ikitərəfli sazişlər də imzaladıq. Bundan başqa, Ukraynanın yüksəksəviyyəli rəsmilərinin bir sıra mühüm səfərləri həyata keçirildi. Qeyd edim ki, görüşlərin və siyasi təmasların bu dinamikası ikitərəfli ticarət dövriyyəmizə də müsbət təsir göstərib və artım başlayıb. Qarşımıza müharibədən əvvəlki ticarət dövriyyəsi səviyyəsinə çatmaq məqsədi qoymuşuq. Hazırda bu göstərici təxminən 600 milyon dollara çatıb", - deyə o bildirib.
Sibiha qeyd edib ki, bu gün tərəflər ikitərəfli gündəliyin bütün məsələləri üzrə ətraflı danışıqlar aparıblar.
"Ukrayna üçün enerji məsələsi prioritet olaraq qalır. Söhbət qış mövsümünə hazırlıqdan və regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsindən gedir. Biz qarşılıqlı faydalı iqtisadi, investisiya və humanitar əməkdaşlığın inkişafına da xüsusi diqqət ayırdıq. Azərbaycan şirkətlərinin investisiyalarını yüksək qiymətləndiririk. Azərbaycan biznesi müharibədən əvvəl də Ukraynada fəaliyyət göstərirdi və hazırda da fəaliyyətini davam etdirir. Onun iştirakının genişlənəcəyinə və yeni, o cümlədən strateji birgə layihələrin həyata keçiriləcəyinə ümid edirik", - deyə Ukraynanın xarici işlər naziri əlavə edib.
O bildirib ki, tərəflər ikitərəfli iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər və bu istiqamətdə artıq iş aparılır.
"Həmçinin Cənubi Qafqazda və Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini müzakirə etdik. Mən öz növbəmdə həmkarımı sülh prosesi və Ukraynanın Rusiya təcavüzünün dayandırılması istiqamətində göstərdiyi səylər barədə məlumatlandırdım. Bu məsələdə Azərbaycanın rolu və səsi son dərəcə vacibdir. Müstəqillik illərində həm Ukraynada, həm də Azərbaycanda çox şey dəyişib. Lakin xalqlarımız arasında dostluq, qarşılıqlı hörmət və dəstək dəyişməz olaraq qalır", - deyə Sibiha vurğulayıb.