Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: “bp” (operator- 30,37%), “SOCAR” (35,30%), “MOL” (9,57%), “INPEX” (9,31%), “ExxonMobil” (6,79%), “TPAO” (5,73%), “ONGC Videsh” (2,92%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2026-cı ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat məsrəfləri və 733 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı bu ilin birinci yarısında tamamlanmışdır.
Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə proqramı çərçivəsində əməliyyatlar davam etmişdir, o cümlədən beş quyuda sualtı müdaxilə işləri uğurla tamamlanmışdır, hazırda isə altıncı quyuda işlər davam edir.
Mərkəzi Azəri platformasında hazırda həyata keçirilən Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi üzrə işlər ilin birinci yarısında plana uyğun davam etmişdir. Bu layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressorunun daxili rotasiya blokları ve köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilmişdir. Bütün bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq yerinə yetirilmişdir.
CAGE layihəsi Mərkəzi Azəri platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyır və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulub. Layihənin icrası 2026-cı ilin yanvar ayında başlanıb. Layihə üzrə nəzərdə tutulmuş digər modifikasiyalar bu ilin avqust ayında Mərkəzi Azəri platformasında aparılacaq planlaşdırılmış profilaktik işlər proqramı zamanı həyata keçiriləcək. Bunun ardınca bütün qalan yekun işlər tamamlandıqdan sonra bu ilin sentyabrında layihə başa çatacaq.
Hasilat
2026-cı ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (19 300), Mərkəzi Azəri (88 000), Qərbi Azəri (73 300), Şərqi Azəri (45 000), Dərinsulu Günəşli (47 000), Qərbi Çıraq (24 000) və ACE (26 400) platformalarından birlikdə – gündə orta hesabla 323 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.
İyun ayının sonunda AÇG-də ümumilikdə 150 neft hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
İlin birinci yarısında AÇG-də 7 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu qazılıb tamamlanmışdır.
Bu quyulardan biri - Qərbi Azəri platformasından qazılmış və uğurla təhvil verilmiş C44 neft hasilatı quyusu, Xəzərdə indiyədək qazılmış ilk multilüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Quyunun qazılması və tamamlanması həm vaxt, həm də əməyin təhlükəsizliyi baxımından yüksək göstəricilərlə yerinə yetirilmiş, və nəticədə quyu tam təhlükəsiz şəkildə, qrafiki xeyli qabaqlayaraq planlaşdırılandan bir ay əvvəl təhvil verilmişdir.
Multilüləli quyu texnologiyasının AÇG-də uğurlu tətbiqi bu yetkin yataqdan neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır.
Səmt qazı
2026-cı ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Sərbəst qaz
2026-cı ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarının başlanması ilə yataq ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə keçdi.
AÇG-də ilk STQ hasilatı əməliyyatları 2025-ci ildə qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanmışdır. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar etmişdi.
İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanmışdır və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.
Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndərilir ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.
STQ-dən əlavə, ilk hasilat quyusu Qırmakıaltı Qumlu lay dəstinin dibində, qaz və su laylarının arasında yerləşən neft halqası da aşkar etmişdir. İlk neft halqası quyusu Dərinsulu Günəşli platformasından qazılmaq üçün planlaşdırılmış və qazma işləri may ayında başlanmışdır. Bu quyuda qazma əməliyyatlarının 2026-cı ilin ikinci yarısında başa çatacağı gözlənilir.
İlk neft halqası quyusundan həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da AÇG sahəsində gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.
Səngəçal terminalı
Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İlk altı ay ərzində terminal təxminən 97 milyon barel neft və kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.
Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Səngəçəl terminalının elektrikləşdirilməsi layihəsi
2026-cı ilin birinci yarısında Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər uğurla davam etmiş və layihə əsas tikinti mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçmişdir.
Layihənin birinci mərhələsi üçün tələb olunan əsas avadanlıqların sahəyə çatdırılması artıq tamamlanmışdır və hazırda quraşdırma işləri plana uyğun irəliləməkdədir. 2026-cı ilin üçüncü rübünə nəzərdə tutulan dövlət elektrik şəbəkəsinə ilk qoşulmanı dəstəkləmək məqsədilə hazırda müfəssəl istismar sınaqlarının planlaşdırılması və həyata keçirilməsi davam edir. Bundan əvvəl isə layihənin istismar sınaqları və işəsalınma mərhələlərinə keçməyə hazır olduğunu təsdiq edən əsas əminlik yoxlamaları uğurla başa çatdırılmışdı.
Terminal ərazisindən kənarda yerləşən yeni “Azərenerji” obyektlərinin tikintisi və istismar sınaqları əsasən tamamlanmışdır. Dövlət elektrik şəbəkəsi infrastrukturu ilə Səngəçal terminalındakı obyektlərin inteqrasiya olunmuş istismar sınaqlarının mərhələli işəsalınma proqramı əsasında həyata keçirilməsi planlaşdırılır.
Layihə üzrə işlərin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək, başa çatacağı nəzərdə tutulur.
230 milyon dollar dəyərində STEL layihəsi terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa edilir.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
Şəfəq günəş layihəsi
“Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətində iştirak payları belədir: “bp” (40,01%), “SOCAR Green” (39,99%), Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) və “MVM” (10%).
2026-cı ilin birinci yarısında Şəfəq günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda yerləşən layihə sahəsində irəliləmişdir. Fotovoltaik modullar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanmışdır və payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə ciddi irəliləyiş əldə olunmuşdur. İlk elektrik avadanlığı daşımaları artıq sahəyə çatdırılmışdır ki, bu da növbəti həftələrdə elektrik quraşdırma fəaliyyətlərinin başlanmasına imkan verir.
Aprel ayının əvvəlində layihə sahəsində ilk günəş panelinin quraşdırılması ilə mühüm mərhələ əldə olunmuşdur.
Layihə üzrə tikinti işlərində yerli resurslardan istifadə artmaqda davam edir. Hazırda layihəyə təxminən 420 yerli işçi cəlb olunub ki, bunların 150-si işğaldan azad olunmuş ərazilərdə yeni məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihədə 700-dən çox iş yerinin yaradılacağı gözlənilir və bu artan işçi qüvvəsinin yerləşdirilməsi üçün sahədəki mövcud yaşayış blokları hazırda genişləndirilməkdədir.
Ətraf mühitin qorunması layihənin əsas diqqət mərkəzində qalmaqdadır, o cümlədən tikinti sahəsinin bitki örtüyündən təmizlənməsi işlərinin monitorinqi aparılır və vəhşi heyvanların sahədən təhlükəsiz şəkildə köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqələndirilərək həyata keçirilir.
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.
Bakı-Tbilisi-Ceyhan (BTC)
Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları: “bp” (30,10%), “SOCAR” (32,97%), “MOL” (8,90%), “TPAO” (6,53%), “Eni” (5,00%), “TotalEnergies” (5,00%), “ITOCHU” (3,40%), “ONGC Videsh” (3,10%), “ExxonMobil” (2,50%) və “INPEX” (2,50%) şirkətləridir.
2026-cı ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 75 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2026-cı ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6276 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən13 milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 131 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
1 iyul 2026-cı il tarixindən BTC boru kəmərinin operatorluğu, həmçinin həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar ümumi fəaliyyətlərin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: “bp” (operator – 29,99%), “LUKOIL” (19,99%), “TPAO” (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), “NICO” (10,00%), “MVM” (5,00%).
2026-cı ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 394 milyon dollar əməliyyat xərcləri və təxminən 712 milyon dollar əsaslı xərclər çəkilmişdir.
Hasilat
Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 15 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 76,8 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2026-cı ilin birinci yarısında Şahdəniz 2 layihəsi çərçivəsində qərb cinah quyularında sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir və aprel ayında bu cinahda beşinci quyu işə salınmışdır.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xankəndi gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, ilin birinci yarısında gəmi həmçinin AÇG yatağının Dərinsulu Günəşli ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək edəcək sualtı müdaxilə əməliyyatlarına cəlb olunmuşdur. Bu müddət ərzində Tofiq İsmayılov dalğıc gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək vermişdir.
Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.
Şahdəniz kompressiya layihəsi
İlin birinci yarısında Şahdəniz Kompressiya (ŞDK) layihəsi üzrə işlər təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq irəliləmişdir.
ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam etmişdir.
İlkin polad və struktur komponentləri, o cümlədən dayaq blokunun elementləri və sualtı konstruksiyaların tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunmuşdur.
Dəniz və sualtı mühəndislik fəaliyyətləri də qrafikə uyğun davam etmiş, bu işlər çərçivəsində müfəssəl dizayn işləri plan üzrə irəliləmiş, əsas texniki baxışlar isə tamamlanmışdır. Yüksək gərginlikli sualtı interkonnektor enerji və fiber-optik kabelin, eləcə də sualtı boru hissələrinin istehsalı başa çatmışdır.
Bir sıra mühüm avadanlıq dəstinin təchizat prosesi tikinti və quraşdırma cədvəllərinə uyğun davam etmişdir.
2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Qazma əməliyyatları
2026-cı ilin birinci yarısında Şahdəniz Alfa platformasında SDA09, SDA07 və SDA04 quyularında əlavə perforasiya işləri tamamlanıb və SDA12 quyusunun qazma işləri başlanıb.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. İlk altı ay ərzində İstiqlal qazma qurğusu qərb cinahında SDD05 quyusunda tamamlama işlərini başa çatdırıb, qərb-cənub cinahında SDF02 quyusunda müdaxilə işlərini yerinə yetirib və hazırda şərq-şimal cinahında SDH04 quyusunda tamamlama işlərini həyata keçirir. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında SDH05 quyusunun qazma işlərini başa çatdırıb və qərb cinahında SDD06 quyusunun qazılmasına hazırlıq olaraq qurğuda profilaktik işlərə başlayıb.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 24 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında beş quyu daxildir.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: “bp” (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), “LUKOIL” (19,99%), “TPAO” (19,00%), “NICO” (10,00%).
2026-cı ilin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 41 milyon dollar, əsaslı xərclər isə təxminən 19 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr olmuşdur.
1 iyul 2026-cı il tarixindən CQBK-nin ümumi operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.
Digər layihələr
Şəfəq-Asiman
Şəfəq-Asiman dəniz blokunda layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur. Bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır. Bu fəaliyyətlərə imkan yaratmaq üçün 2025-ci ilin iyun ayında Şəfəq-Asiman HPBS-nin kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır.
Şəfəq-Asimanda iştirak payları belədir: “bp” (operator – 35%), “SOCAR” (35%) və “TPAO” (30%, 2025-ci ilin iyun ayında HPBS-yə qoşulub).
"Qarabağ" və ADUA
Yataq haqqında bilgiləri artırmaq, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək məqsədilə bu ilin əvvəlində Qarabağ yatağında dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat həyata keçirildi. Tədqiqat 2025-ci ilin dekabrında başladı və qrafiki qabaqlayaraq martın ortalarında başa çatdı. Tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı hazırda davam edir.
Bunun ardınca mart ayının ortalarında yataqda yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat proqramına başlandı və may ayında işlər başa çatdı. Hazırda əldə olunmuş məlumatların emalı davam edir. Bu tədqiqatda əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir.
ADUA layihəsi üzrə ilk addım olaraq aprel ayında suyun 20-40 metr dərinliyində 2-ölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat aparılıb. ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edən bu tədqiqatda əsas məqsəd yerin təxminən 1500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edəcək.
ADUA blokunda seysmik tədqiqata aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin dekabr ayında ictimaiyyətə açıqlanmış və sənədin yekun variantı bu ilin mart ayında dövlət tərəfindən təsdiqlənmişdi.
İşçi heyətimiz
2026-cı ilin ikinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2363 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2026-cı ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,6 milyon dollar vəsait xərcləmişlər. İlk altı ay ərzində bu layihələrə hazırda davam edən 19 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə və ətraf mühit üzrə 2 təşəbbüs daxil idi.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2026-cı ilin birinci yarısında təxminən 0,9 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 19 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 5 layihə, ətraf mühit üzrə 1 təşəbbüs və müxtəlif mövzularda 8 konfrans və seminara dəstək, yəni ümumilikdə 34 layihə daxildir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.