Bakı. Trend:
2026-cı ilin ilk yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 7 hasilat, 3 suvurma və 2 qazvurma quyusu qazılaraq tamamlanıb.
Bu barədə bp-nin hesabatında bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısında AÇG-də 3 hasilat, 3 suvurma və 1 qazvurma quyusu qazılıb və istismara hazır vəziyyətə gətirilib.
bp-nin məlumatına görə, "Qərbi Azəri" platformasından qazılan C44 hasilat quyusu AÇG layihəsi üçün mühüm mərhələ olub. Belə ki, bu quyu Xəzər dənizində qazılmış ilk çoxtərəfli (multilateral) quyu kimi tarixə düşüb.
"Quyu təhlükəsiz şəkildə və nəzərdə tutulan vaxtdan 30 gün əvvəl təhvil verilib. Həm qazma, həm də tamamlama işləri planlaşdırılan qrafiki əhəmiyyətli dərəcədə üstələyib. AÇG-də çoxtərəfli quyu texnologiyasının uğurla tətbiqi yataqdan maksimum hasilatın təmin edilməsi və uzunmüddətli neft istehsalının davamlı saxlanılması istiqamətində mühüm addımdır", – deyə bp bildirib.
2026-cı ilin iyun ayının sonuna olan məlumata görə, AÇG-də 150 neft quyusu hasilat verib, 51 quyu laylara su vurulması, 11 quyu isə qaz vurulması məqsədilə istifadə olunub.
Hazırda AÇG layihəsində iştirak payları belə bölüşdürülüb: bp (operator – 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%).
AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində operator funksiyasını "BP Exploration (Caspian Sea) Limited" həyata keçirir.
Qeyd edək ki, 2026-cı ilin ilk yarısında bp və onun tərəfdaşları AÇG layihəsinə 268 milyon ABŞ dolları əməliyyat xərcləri (OPEX) və 733 milyon ABŞ dolları kapital xərcləri (CAPEX) yönəldiblər. Trend-in hesablamalarına görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,5% və 31,4% artıb.