Bakı. Trend:
Avtonom gəmilərin Azərbaycan Respublikasının ərazi sularında sərbəst hərəkəti nəzərdə tutulmur.
Bunu Trend-ə müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin müdiri Vasif Əmiraslanov deyib.
O, müsahibəsində avtonom gəmilərin tətbiqinin dəniz nəqliyyatı sahəsində əməliyyatlara təsiri, onların təhlükəsiz istismarının təmin olunması, hansı ərazilərdə və marşrutlarda fəaliyyət göstərəcəyi və digər məsələlərlə bağlı sualları cavablandırıb.
V. Əmiraslanov əvvəlcə avtonom gəmilərin tətbiqinin dəniz nəqliyyatına üstünlüklərindən və onların fəaliyyətinin hansı tələblərə əsasən həyata keçiriləcəyindən bəhs edib.
“Məlum olduğu kimi, avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik edilib. Yeniliyə əsasən, avtonom gəmilərin fəaliyyətinin tənzimlənməsi proseduru müəyyənləşib. Bu sahədə normativ hüquqi, texnoloji və institusional baza yaradılıb. Avtonom gəmilərin tətbiqi dəniz nəqliyyatı sahəsində əməliyyatların daha səmərəli, təhlükəsiz və innovativ şəkildə həyata keçirilməsinə imkan verə bilər. Bu texnologiyalar insan amilindən qaynaqlanan səhvlərin və risklərin azaldılmasına, naviqasiya proseslərinin daha dəqiq idarə olunmasına, marşrutların optimallaşdırılmasına və yanacaq sərfiyyatının azaldılmasına şərait yaradır. Eyni zamanda müasir rəqəmsal həllərin tətbiqi sayəsində gəmi hərəkətinin monitorinqi və idarə olunması daha effektiv şəkildə həyata keçirilir. Avtonom texnologiyalar dəniz nəqliyyatında innovasiyaların inkişafını təşviq etməklə yanaşı, logistika və yükdaşımaların keyfiyyətinin yüksəldilməsinə də töhfə verə bilər. Bununla belə, avtonom gəmilərin fəaliyyəti təhlükəsizlik, ekoloji mühafizə və dövlət nəzarəti prinsipləri əsasında təşkil olunacaq və onların istismarı yalnız müəyyən edilmiş tələblərə uyğun şəkildə həyata keçiriləcək”, - o bildirib.
Nazirlik rəsmisi eyni zamanda avtonom gəmilərin təhlükəsiz istismarının necə təmin olunacağından da danışıb. O vurğulayıb ki, avtonom gəminin təhlükəsiz istismarının təmin edilməsi əsas prioritetlərdən biridir: “Bu məqsədlə avtonom gəmi istismara buraxılmazdan əvvəl onun avtomatlaşdırılmış idarəetmə sistemi xüsusi tənzimləyici və sınaq mühitində hərtərəfli qiymətləndiriləcək, texniki və funksional testlərdən keçiriləcək. Sistemlərin müxtəlif şəraitlərdə etibarlı işləməsi, fövqəladə hallara adekvat reaksiya verməsi və təhlükəsizlik standartlarına uyğunluğu yoxlanılacaq. Bundan əlavə, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin idarəetməyə nəzarət mərkəzi ilə inteqrasiyası nəzərdə tutulur ki, bu da real vaxt rejimində monitorinq və nəzarət imkanları yaradacaq. Yalnız müəyyən edilmiş təhlükəsizlik tələblərinə, texniki standartlara və normativ qaydalara tam cavab verən sistemlərin istifadəsinə icazə veriləcək”.
Vasif Əmiraslanov avtonom gəmilərin idarə edilməsinin necə baş tutacağı ilə bağlı isə qeyd edib ki, bu, avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə həyata keçiriləcək.
“Bu sistem müxtəlif sensorlar, rabitə vasitələri və proqram təminatı əsasında gəminin hərəkətini, marşrut seçimini, ətraf mühitin müşahidəsini və digər əməliyyat funksiyalarını yerinə yetirəcək. Bununla yanaşı, avtonom gəmilərin fəaliyyəti tam nəzarətsiz olmayacaq. Sistemin işinə nəzarət edən və müvafiq şəhadətnaməyə malik operatorun iştirakı nəzərdə tutulur. Operator gəminin fəaliyyətini izləyəcək, zərurət yarandıqda müdaxilə etmək və ya əlavə qərarlar qəbul etmək imkanına malik olacaq. Operatorun səlahiyyətləri, məsuliyyəti və fəaliyyət qaydaları aidiyyəti normativ-hüquqi aktlarla müəyyən ediləcək. Bu yanaşma innovativ texnologiyaların tətbiqi ilə yanaşı, insan nəzarətinin qorunmasına və təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir”, - deyə o bildirib.
Şöbə müdiri sonda xüsusi vurğulayıb ki, avtonom gəmilər Azərbaycan Respublikasının ərazi sularında sərbəst hərəkət edə biləməyəcəklər.
“Avtonom gəmilərin Azərbaycan Respublikasının ərazi sularında sərbəst hərəkəti nəzərdə tutulmur. Bu cür gəmilər yalnız səlahiyyətli dövlət orqanı tərəfindən müəyyən edilmiş ərazilərdə və marşrutlarda fəaliyyət göstərə biləcəklər. Belə məhdudiyyətlərin tətbiq olunmasının əsas məqsədi yeni texnologiyaların təhlükəsiz, nəzarətli və mərhələli şəkildə tətbiqini təmin etməkdir. Müəyyən edilmiş marşrutlar və fəaliyyət zonaları seçilərkən gəmiçilik təhlükəsizliyi, digər dəniz nəqliyyatı vasitələrinin hərəkəti, ekoloji amillər və dövlət maraqları nəzərə alınacaq. Təcrübə və istismar nəticələri əsasında gələcəkdə tətbiq sahələrinin genişləndirilməsi mümkün olsa da, bu proses yalnız müvafiq risk qiymətləndirmələri və təhlükəsizlik tələbləri əsasında həyata keçiriləcək”, - deyə o fikrini yekunlaşdırıb.