Bakı. Trend:
Yəmənin ərazi suları yaxınlığında Hindistan gəmisi atəşə tutulub, bütün dənizçilər xilas edilib.
Bu barədə Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları naziri Sarbananda Sonoval "X" sosial şəbəkəsində yazıb.
"Yəmən suları yaxınlığında Hindistana məxsus "Faize Noore Oliya" gəmisinə atəş açılıb, nəticədə gəmi çevrilib və batıb", - deyə o bildirib.
Nazirin sözlərinə görə, 13 hindistanlı da daxil olmaqla, 14 dənizçinin hamısı Yəmən Sahil Mühafizəsi tərəfindən təhlükəsiz şəkildə xilas edilərək Mokha limanına aparılıb.
S. Sonoval əlavə edib ki, "Hindistan müdafiəsiz mexanikləşdirilmiş yelkənli gəmiyə edilən bu səbəbsiz hücumu qətiyyətlə pisləyir. Vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün əsas prioritetdir".