Bakı.Trend:
Yaponiyada ötən həftə 9 mindən çox insan günvurma səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə ölkənin xilasetmə xidmətlərinin fəaliyyətinə nəzarət edən Daxili İşlər və Kommunikasiyalar Nazirliyinin açıqladığı məlumatda bildirilib.
Qeyd edilib ki, iyulun 27-dən avqustun 2-dək olan dövrdə 9180 nəfər xəstəxanaya yerləşdirilib, 7 nəfər isə həyatını itirib.
Nazirliyin bu statistik məlumatları dərc etməyə başladığı may ayının əvvəlindən indiyədək 52 mindən çox nəfər günvurma diaqnozu ilə hospitalizasiya olunub, 79 nəfər isə vəfat edib.
Yaponiyada ən isti hava şəraiti adətən iyul və avqust aylarına təsadüf edir. Son həftələr bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni ötüb.