Bakı. Trend:
ABŞ-nin Boeing şirkəti 737 MAX 7 təyyarəsini təqdim etdikdən təxminən 10 il sonra ABŞ Federal Mülki Aviasiya Administrasiyasının (FAA) sertifikatını alıb. Yeni modelin ilk tədarüklərinin 2027-ci ildə başlanması planlaşdırılır.
Bu barədə Boeing Airplanes "X" sosial şəbəkəsində məlumat yayıb.
Səkkiz ildən artıq müddət əvvəl ilk sınaq uçuşunu həyata keçirən 737 MAX 7 nəhayət istismara buraxılmasına imkan verən sertifikatı əldə edib və planlaşdırıldığı kimi 2027-ci ildə kommersiya istismarına veriləcək.
FAA bildirib ki, bu təsdiq mürəkkəb texniki problemlərin həlli, təyyarənin konstruksiyasının və təhlükəsizlik analizlərinin hərtərəfli qiymətləndirilməsi istiqamətində uzun illər aparılan işlərin nəticəsidir. Qurum qeyd edib ki, sertifikatlaşdırma prosesi təxminən on il davam edib.
737 MAX ailəsinin ən kiçik modeli olan MAX 7-nin tədarüklərinə ilkin olaraq 2019-cu ildə başlanılması nəzərdə tutulurdu. Lakin texniki problemlər və Boeing şirkətinin üzləşdiyi digər çətinliklər bu prosesi dəfələrlə gecikdirib.
Şirkətin iyulun ortalarında yaydığı məlumata görə, sertifikatlaşdırma prosesi çərçivəsində təyyarə 441 uçuş zamanı ümumilikdə 686 saat sınaqdan keçirilib, əlavə olaraq isə yerdə 349 saatlıq testlər aparılıb.
Ən çətin mərhələlərdən biri CFM International (Safran və GE Aerospace birgə müəssisəsi) istehsalı olan LEAP-1B mühərriklərinin buzlanmaya qarşı mühafizə sisteminin sertifikatlaşdırılması olub.
737 MAX 7 modelində yeni hücum bucağı sensoru quraşdırılıb. Məhz bu sensorun nasazlığı 2018 və 2019-cu illərdə baş vermiş iki 737 MAX 8 qəzasına səbəb olan amillərdən biri hesab olunur. Həmin qəzalarda ümumilikdə 346 nəfər həlak olmuş, nəticədə bütün 737 MAX təyyarələrinin istismarı təxminən 20 ay müddətinə dayandırılmışdı.
Hazırda 737 MAX ailəsinin istehsal tempi ayda 47 təyyarə təşkil edir.
Boeing 737 MAX 8 modeli 2017-ci ilin martında, MAX 9 isə 2018-ci ilin fevralında sertifikat alıb. Boeing ümid edir ki, 737 MAX ailəsinin ən böyük modeli olan MAX 10 da yaxın vaxtlarda sertifikat alacaq və onun tədarüklərinə də gələn il başlanacaq. Bu model 2021-ci ilin iyununda təqdim edilərkən ilk çatdırılmaların iki il sonra həyata keçiriləcəyi planlaşdırılırdı.
Boeing üçün növbəti əsas vəzifə isə genişgövdəli 777-9 təyyarəsinin sertifikatlaşdırılmasıdır. Şirkət bu modelin ilk tədarüklərini 2027-ci ildə, yəni ilkin planlardan yeddi il gec həyata keçirməyi nəzərdə tutur.