Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yevlax rayonu, Malbinəsi kəndi (Yevlax–Bərdə avtomobil yolunun 7-ci kilometri) ünvanında yerləşən “Emil-N” istehsal-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Bu barədə AQTA-nın Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı müəssisənin müvafiq icazə sənədi olmadan fəaliyyət göstərdiyi, istehsal prosesində isə qida təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Məlum olub ki, məhsulun qablaşdırılmasında istifadə edilən şüşə butulkalar açıq su hovuzunda antisanitar şəraitdə yuyulur.
“Qanunvericiliyin tələbləri pozulmaqla istehsal olunmuş “Jiquli” əmtəə nişanlı pivə məhsulları aşkarlanaraq dövriyyəsinin qarşısı alınıb”, - məlumatda bildirilib.
Qeyd edilib ki, faktla bağlı inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



