Bakı. Trend:
Xüsusi müalicəsi olmayan nadir "Burbon" virusuna ilk yoluxma halı ABŞ-nin Nyu-York ştatında təsdiqlənib.
Bu barədə "People" jurnalı məlumat yayıb.
Məlumata görə, gənə dişləməsi ilə yayılan virusa Lonq-Aylenddə yaşayan 67 yaşlı Maykl Larkin yoluxub. Jurnalın yazdığına görə, bir müddət sonra onda güclü baş ağrıları və halsızlıq yaranıb, bundan sonra xəstəxanaya yerləşdirilib. Əvvəlcə ona Laym xəstəliyi ilə bağlı test aparılıb, lakin nəticə mənfi olub. Uzunmüddətli araşdırmalardan sonra həkimlər Larkinin məhz Bourbon virusuna yoluxduğunu müəyyən ediblər. "CBS News" telekanalının məlumatına görə, Larkin xəstəliyə qalib gələ bilib.
"Burbon" virusu ilk dəfə 2014-cü ildə ABŞ-nin Kanzas ştatında aşkar edilib və ilk yoluxma halının qeydə alındığı dairənin şərəfinə adlandırılıb.