Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri, iki ölkə arasında münasibətlərin artıq müttəfiqlik səviyyəsinə yüksəldiyini və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında körpülərin daha da möhkəmləndiyini nümayiş etdirir. Dövlət başçılarının ali ordenlərlə təltif olunması, imzalanan çoxsaylı sənədlər və Çolpon-Ata Bəyannaməsi iki qardaş dövlətin müvafiq məsələlərdə eyni strateji xətti bölüşdüyünü sübut edir.
Bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
O bildirib ki, bu səfər çərçivəsində əldə olunan razılaşmalar reallaşan irimiqyaslı layihələrin əhatə dairəsinin artırılmasına xidmət edir:
“Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı qəbul edilən qərarlar və xüsusilə birgə İnvestisiya Fondunun kapitalının 200 milyon dollara qaldırılması iqtisadi tərəfdaşlığımızın istehsalat və investisiya mərhələsinə qədəm qoyduğunu göstərir. Beşulduzlu “Bakı” hotelinin istifadəyə verilməsi isə ölkəmizin regiondakı iqtisadi nüfuzunun və investisiya imkanlarının təzahürüdür. Bu addımlar göstərir ki, Azərbaycan ilə Qırğızıstan arasında qurulan münasibətlər gələcəyə yönəlmiş qarşılıqlı fayda əldə edilməsinə uyğun siyasətin dayağıdır”.
Deputat vurğulayıb ki, iki ölkə arasındakı münasibətlərdə mənəvi-mədəni bağlar və işğaldan azad edilmiş ərazilərin bərpasına verilən dəstək xüsusi yer tutur:
“Ağdam rayonunda qardaş Qırğız xalqının töhfəsi ilə məktəbin fəaliyyətə başlaması və eyni zamanda Bakıda, Bişkekdə xalqlarımızın dahi şəxsiyyətlərinin adını daşıyan park və abidələrin ucaldılması ortaq tarixi köklərimizin təzahürüdür. Dövlətimizin milli maraqlara və qarşılıqlı hörmətə əsaslanan müstəqil diplomatiyası regional sabitliyin və qardaşlıq münasibətlərinin uzunmüddətli dəstəkçisinə çevrilib”.