Bakı.Trend:
Azərbaycanda "UnionPay" kartları ilə aparılmış əməliyyatlarla bağlı məlumatlar dərc olunub.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, cari ilin iyuyn ayının sonuna Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş "UnionPay" kartlarından (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) istifadə edilməklə 2,1 min əməliyyat həyata keçirilib. Qeyd olunub ki, bu əməliyyatların ümumi həcmi 270 min manatı ötüb.
Bankın məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə "UnionPay" kartlarından istifadə edilməklə həyata keçirilən əməliyyatların sayı 1,9 mindən artıq və ya 10,5 dəfə, əməliyyatların həcmi isə 230 min manatdan çox və ya 6,75 dəfə artıb.
AMB-nin məlumatına görə, hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş UnionPay kartları ilə həyata keçirilən tranzaksiyaların sayı 2 min, ümumi həcmi isə 300 min manat təşkil edib.
Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.
"Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir", - deyə Mərkəzi Bank qeyd edib.