Bakı. Trend:
Məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin I yarısının sonuna 6 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.1 dəfə artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin may və iyun aylarında 6.43%, iyul ayının ötən dövründə isə 6.39% olub. Məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin I yarısının sonuna 6 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.1 dəfə artıb. Bu da bankların kreditvermə potensialının kifayət qədər yüksək olduğunu göstərir. Likvidliyi idarə etmək üçün Mərkəzi Bank tərəfindən əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. Bu əməliyyatların payı iyun ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 84.3% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir. Son 3 ayda bütün müddətlər üzrə notların gəlirliliyində, habelə gəlirlilik əyrisinin ortamüddətli və uzunmüddətli hissələrində azalma qeydə alınıb. Eyni zamanda, yeni cəlb olunmuş manatla müddətli depozit və əmanətlər üzrə faiz dərəcələrində ötən ilin iyul ayı (uçot dərəcəsinin azaldığı ay) ilə müqayisədə cari ilin iyun ayında azalma müşahidə olunub", - məlumatda qeyd edilib.