Bakı. Trend:
Dövlət Miqrasiya Xidmətinə (DMX) “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda mediatur təşkil olunub.
Trend-in mediaturdakı müxbiri xəbər verir ki, miqrasiya sahəsində məlumatlılığın artırılması, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin geniş ictimaiyyətə çatdırılması, eləcə də media ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məqsədilə təşkil olunan tədbirdə Xidmətin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı tərəfindən media nümayəndələrinə “Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları” mövzusunda təlim keçirilib.
Mediatur çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov jurnalistlərlə görüşüb. Xidmət rəisi miqrasiyanın daha səmərəli idarə edilməsində medianın fəal iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu görüş media ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi və ictimaiyyətin operativ məlumatlandırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, tətbiq olunan rəqəmsal yeniliklər, ölkədə miqrasiya proseslərinin idarə olunması və bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq miqrasiya proseslərinin səmərəli idarə olunması, qanuni miqrasiyanın təşviqi, qanunsuz miqrasiyanın qarşısının alınması və insan hüquqlarının qorunması istiqamətində ardıcıl fəaliyyət göstərdiyi qeyd edilib.
Sonra Xidmət rəisi media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Görüşdən sonra media nümayəndələri üçün Bakı şəhər regional miqrasiya baş idarəsinə mediatur təşkil olunub. İştirakçılar Xidmətin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin və Çağrı mərkəzi şöbəsinin fəaliyyəti, həmçinin əməkdaşların gündəlik iş prosesi ilə yaxından tanış olublar.



