Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çaykənarı kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda Çaykənarı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çaykənarı və Gödəkli kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının təmizlənməsi, eləcə də sel suları nəticəsində fərdi yaşayış evlərinə dəymiş zərərin aradan qaldırılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


















