Bakı. Trend:
Azərbaycanda qanunsuz miqrasiyanın səviyyəsi idarəolunan həddədir və narahatlıq doğuran vəziyyət yoxdur.
Trend-in mediaturdakı müxbiri xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin əsas məqsədi miqrasiya proseslərinin ölkənin iqtisadi inkişafına töhfə verməsi, Azərbaycanın əcnəbilər üçün daha cəlbedici olması və xidmətlərdən istifadə edən şəxslərin rahatlığının artırılmasıdır.
“Biz düşünürük ki, miqrasiya prosesləri necə tənzimlənməlidir ki, ölkə sahibkarlıq və inkişaf baxımından əcnəbilər üçün daha cəlbedici olsun. Bu istiqamətdə müxtəlif təşəbbüslər və tədbirlər üzərində işləyirik”, – deyə V.Hüseynov bildirib.
DMX rəisi qeyd edib ki, Azərbaycanda qanunsuz miqrasiyanın problemli səviyyəyə çatmaması dövlət başçısının müəyyən etdiyi siyasət və aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti ilə bağlıdır.
“Bu gün ölkədə təxminən 210-220 min əcnəbi yaşayır. Mövsümdən asılı olaraq bu rəqəm 250 minə qədər yüksələ bilir. Bu göstərici fonunda qanunsuz yaşayan əcnəbilərin sayı idarəolunan səviyyədədir və narahatedici deyil”, – deyə o vurğulayıb.
V.Hüseynov bildirib ki, bu nəticə Dövlət Miqrasiya Xidməti, daxili işlər, təhlükəsizlik və digər hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin nəticəsidir.
Onun sözlərinə görə, qanunsuz miqrasiyanın qarşısının alınması üçün müxtəlif risklər daim nəzarətdə saxlanılır.
“Bəzən ölkəyə təhsil və ya turizm məqsədilə gələn şəxslərin sonradan fərqli məqsədlər güddüyü hallarla rastlaşırıq. Bu kimi risklərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir”, – deyə DMX rəisi bildirib.
V.Hüseynov əlavə edib ki, Azərbaycan əcnəbilər üçün təhlükəsiz ölkələrdən biridir.
“Azərbaycanda həm ümumilikdə cinayətlərin, həm də əcnəbilərin iştirakı ilə törədilən cinayətlərin sayı bir çox ölkələrlə müqayisədə aşağıdır. Keçirdiyimiz sorğular da göstərir ki, əcnəbilər Azərbaycanı kifayət qədər təhlükəsiz ölkə kimi qiymətləndirirlər”, – deyə o vurğulayıb.