Bakı.Trend:
Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Türkiyədə meşə yanğınlarının sayı artır. Muğlanın Seydikemer rayonunun Bayır məhəlləsi yaxınlığındakı meşədə bu gün saat 07:00 radələrində yanğın başlayıb.
Bu barədə Türkiyənin "Haber7" portalı məlumat yayıb.
Yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı meşə mühafizəsi və yanğınsöndürmə briqadaları, eləcə də helikopterlər cəlb edilib.
Hazırda yanğının söndürülməsinə havadan 5 təyyarə və 11 helikopter, qurudan isə 40 yanğınsöndürən maşın, 1 xüsusi texnika və 261 nəfərlik şəxsi heyət cəlb olunub. Ərazidə müşahidə olunan güclü külək səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılıb.
Alovun təsir göstərdiyi eəthiyə–Antalya avtomobil yolunda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Zəruri işlər başa çatdıqdan sonra yolun yenidən istifadəyə veriləcəyi bildirilib.
Antalyanın Kaş rayonunda ötən gün başlayan meşə yanğınının nəzarət altına alınması istiqamətində işlər bu gün də davam edir.
Səhərin ilk saatlarından etibarən helikopterlər və təyyarələr də yenidən söndürmə əməliyyatlarına qoşulub.
Yanğına 26 yanğınsöndürən maşın, 9 su təchizatı avtomobili, 5 ilkin müdaxilə maşını və 155 nəfərlik şəxsi heyət cəlb olunub. Alova həm havadan, həm də qurudan müdaxilə edilir.
Manisanın Alaşehir rayonunda isə zeytun bağları və kolluq ərazidə baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində nəzarət altına alınıb.
Kemaliye məhəlləsi yaxınlığında baş verən yanğının söndürülməsinə Meşə Baş İdarəsinin əməkdaşları, eləcə də Manisa Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadaları cəlb olunub.






