Bakı. Trend:
Dövlət Miqrasiya Xidməti süni intellektin həm elektron xidmətlərdə, həm də miqrasiya risklərinin qiymətləndirilməsində tətbiqi imkanlarını nəzərdən keçirir.
Trend-in mediaturdakı müxbiri xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, süni intellekt dövlət orqanlarında tətbiq edilməzdən əvvəl onun imkanları və riskləri hərtərəfli təhlil olunmalıdır.
“Biz böyük həcmdə fərdi məlumat bazası ilə işləyirik. Ona görə də süni intellektin tətbiqi sahələri düzgün müəyyənləşdirilməli və bütün risklər qiymətləndirilməlidir. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər planında da dövlət orqanlarının üzərinə süni intellektin tətbiqi ilə bağlı vəzifələr qoyulub”, – deyə o bildirib.
V.Hüseynov qeyd edib ki, ilkin mərhələdə süni intellektin ən real tətbiq istiqaməti elektron müraciətlər və çağrı mərkəzləri ola bilər.
“İstifadəçi elektron resurs üzərindən sual verir və artıq əməkdaş deyil, süni intellekt həmin məlumatı rahat anlaşılan formada təqdim edir. Hesab edirəm ki, bu, qısa müddətdə tətbiq oluna biləcək sahədir”, – deyə DMX rəisi vurğulayıb.
Onun sözlərinə görə, digər mühüm istiqamət isə miqrasiya məlumatlarının emalı, risklərin qiymətləndirilməsi və planlaşdırma proseslərində intellektual alətlərdən istifadədir.
“Bizdə böyük həcmdə məlumat var və süni intellekt həmin məlumatların təhlilində, tendensiyaların müəyyənləşdirilməsində və hansı məsələlərə diqqət yetirilməli olduğunu göstərməkdə bizə kömək edə bilər”, – deyə V.Hüseynov bildirib.
DMX rəisi əlavə edib ki, hazırda bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edilir və tətbiqin texniki, maliyyə və insan resursları baxımından məqsədəuyğunluğu qiymətləndirilir.
V.Hüseynov həmçinin bildirib ki, Dövlət Miqrasiya Xidməti əcnəbilərin inteqrasiyası məqsədilə Azərbaycan dili, mədəniyyəti və ölkə ilə bağlı baza biliklərini əhatə edən ödənişsiz təlimlər təşkil edir. Onun sözlərinə görə, təlimlər əsasən onlayn keçirilir, kifayət qədər iştirakçı toplandıqda isə əyani formada da təşkil olunur.
DMX rəisi qeyd edib ki, xidmət sığınacaq axtaran şəxslərə və digər həssas kateqoriyadan olan miqrantlara hüquqi və praktiki məsələlərdə dəstək göstərir, eyni zamanda sahibkarlar, ali təhsil müəssisələri və ölkədə yaşayan əcnəbilərin icmaları ilə mütəmadi görüşlər keçirərək onların inteqrasiyasına töhfə verir.