Bakı.Trend:
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) "Telegram"ın təsisçisi Pavel Durov barəsində beynəlxalq axtarış elan edib.
Qurumun məlumatına görə, ona terrorçuluq fəaliyyətinə yardım göstərilməsi maddəsi ilə ittiham irəli sürülüb.
FTX-nin iddiasına əsasən, aparılan istintaq zamanı Ukrayna xüsusi xidmət orqanlarının "Dayvinçik/Leo" adlı "Telegram" botundan Rusiya vətəndaşlarını aldatma və psixoloji təsir vasitəsilə diversiya fəaliyyətinə cəlb etmək üçün istifadə etdiyi müəyyən edilib.
Rusiya xüsusi xidmət orqanının məlumatına görə, 2025-ci ilin iyul ayından etibarən Rusiyanın müxtəlif bölgələrində yaşı 12-22 arasında olan 46 nəfər saxlanılıb. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarda, infrastruktur obyektlərinin yandırılmasında, həmçinin kriptovalyuta mübadilə platformaları vasitəsilə pul vəsaitlərinin köçürülməsində şübhəli bilinirlər.
FTX iddia edir ki, Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri özlərini qız kimi təqdim edərək gənc rusiyalılarla yazışıb, onlardan geolokasiya məlumatlarını və digər şəxsi məlumatları əldə ediblər. Bundan sonra, qurumun versiyasına görə, həmin şəxslərlə özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər əlaqə saxlayaraq onları qorxudub və yanğın, eləcə də hücumlar törətməyə sövq ediblər.