Bakı. Trend:
Keniyanın vəhşi təbiətin mühafizəsi xidməti (KWS) çərşənbə axşamı bildirib ki, ölkədə yerləşən milli parkda bir ay ərzində 15 filin müəmmalı şəkildə ölməsi ilə bağlı araşdırma aparılır.
Məlumata görə, 2026-cı il iyunun 24-dən iyulun 24-dək Keniyanın cənubunda, Tanzaniya ilə sərhəddə yerləşən Amboseli Milli Parkında 15 filin ölümü qeydə alınıb.
KWS qeyd edib ki, ölən fillərdən 10-da oxşar klinik əlamətlər müşahidə olunub. Onlarda qismən iflic yaranıb, nəticədə ayaq üstə dura bilməyiblər və bir-iki gün ərzində tələf olublar. Digər beş filin cəsədi isə həddindən artıq çürüdüyü və ya yırtıcı heyvanlar tərəfindən zədələndiyi üçün ölüm səbəbini müəyyənləşdirmək mümkün olmayıb.
Qismən iflicə məruz qalan fillərin əksəriyyəti yetkin dişilər və onların balaları olub. Yalnız bir yetkin erkək fil bu vəziyyətə düşüb. İlk ölüm halı qeydə alınan kimi baytar həkimlər hadisə yerinə göndərilərək yarılma aparıb və laborator analizlər üçün nümunələr toplayıblar.
KWS-in məlumatına görə, ilkin analizlərin nəticələri əsasında "mümkün zəhərli maddə" aşkarlanıb. Lakin hələlik həmin maddənin nə olduğu və mənşəyi müəyyən edilməyib.
Qurum bildirib ki, fillərin eyni çirklənmə mənbəyinə məruz qalıb-qalmadığını müəyyən etmək üçün əlavə laborator tədqiqatlar və araşdırmalar davam etdirilir.
Qoruq ərazisi olan Amboseli Milli Parkı zəngin canlı aləmi, xüsusilə iri fil sürüləri və fonunda Afrika qitəsinin ən hündür zirvəsi olan, Tanzaniya ərazisində yerləşən Kilimancaro dağı görünən savanna mənzərələri ilə dünyada məşhurdur.