Bakı. Trend:
Çərşənbə axşamı 1977-ci ildə yaradılmış Əlcəzair parlamentinin tarixində ilk dəfə spiker vəzifəsinə qadın seçilib. Parlamentə ixtisasca allergoloq-həkim olan Xalidə Bufedeş rəhbərlik edəcək. Bununla da o, ölkədə dördüncü ali dövlət vəzifəsini tutan şəxs olub.
Bu barədə "Le Figaro" nəşri tərəfindən məlumat verilib.
Xalidə Bufedeş Əlcəzairdən seçilmiş deputatdır. O, ölkənin müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynamış və hakimiyyətə yaxın hesab edilən tarixi Milli Qurtuluş Cəbhəsini (FLN) təmsil edir.
Son parlament seçkilərində FLN Milli Xalq Assambleyasındakı 407 yerdən 91-ni qazanaraq birinci olub. Seçkilərdə iştirak səviyyəsi cəmi 21,24% təşkil edib ki, bu da ölkə tarixində qeydə alınmış ən aşağı göstəricidir.
Milli Xalq Assambleyasının (parlamentin aşağı palatası) sədri vəzifəsi uğrunda üç namizəd mübarizə aparıb.
Xalida Bufedeş FLN-in Mərkəzi Komitəsinin üzvüdür. O, parlament deputatı seçilməzdən əvvəl Bordj əl-Bahri bələdiyyə şurasının, daha sonra isə Əlcəzair vilayət məclisinin üzvü olub.
Bufedeş parlamentə cəmi 25 qadının seçildiyi bir dövrdə parlament sədri vəzifəsinə gəlib. Bu, deputat yerlərinin cəmi 6,14%-ni təşkil edir.
Qadınlar ölkə əhalisinin təxminən 49%-ni təşkil etsələr də, parlamentin hazırkı çağırışında onların təmsilçiliyi xeyli aşağıdır. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə seçilmiş əvvəlki parlamentdə 38, 2017-ci ildə isə 118 qadın deputat var idi. Həmin seçkilər gender kvotası sistemi əsasında keçirilmişdi.