Bakı. Trend:
Peruda Keyko Fuximori and içərək Peru Prezidenti vəzifəsinin icrasına başlayıb və bu vəzifəyə seçilən ilk qadın olub.
Andiçmə mərasimi Peru TV telekanalı vasitəsilə canlı yayımlanıb.
"Mən, Keyko Fuximori, 2026-2031-ci illər ərzində mənə etibar edilmiş prezident vəzifəsini vicdanla yerinə yetirəcəyimə and içirəm", – deyə o, mərasimdə bildirib.
Fuximorinin andiçmə mərasimində Argentina, Boliviya və Çili prezidentləri Xavyer Miley, Rodriqo Pas və Xose Antonio Kast da daxil olmaqla bir sıra xarici ölkə liderləri iştirak ediblər.
51 yaşlı yapon əsilli Fuximori 1990-2000-ci illərdə Peru prezidenti olmuş Alberto Fuximorinin qızıdır. Onun atası insan hüquqlarının pozulmasına görə 25 il müddətinə azadlıqdan məhrum edilib.
2026-cı il seçkilərindən əvvəl Keyko Fuximori üç dəfə prezidentliyə namizəd olub, lakin 2011, 2016 və 2021-ci illərdə keçirilən seçkilərin ikinci turunda məğlub olub.
Fuximorinin siyasi proqramına zorakılıq və mütəşəkkil cinayətkarlıqla mübarizədə hərbi kəşfiyyatın və silahlı qüvvələrin digər bölmələrinin imkanlarından istifadə, həmçinin penitensiar sistem tam islah edilənədək həbsxana sisteminə nəzarətin hərbi qurumlara verilməsi daxildir.
Onun iqtisadi proqramı rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin yaradılması və sahibkarlığın dəstəklənməsi məqsədilə istehsal sahələrinin, o cümlədən dağ-mədən sənayesinin, energetikanın və emal sənayesinin stimullaşdırılmasını nəzərdə tutur.
Bundan əlavə, Fuximori ABŞ və region ölkələrinin sağçı liderləri ilə daha sıx əməkdaşlığın tərəfdarıdır.