Bakı.Trend:
Cari ilin yanvar–iyun aylarında Azərbaycandan İtaliyaya 3,495 milyard ABŞ dolları dəyərində 5,915 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.
Trend-in Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikası məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 107 milyon ABŞ dolları və ya 3 faiz, həcm baxımından isə 906 min ton və ya 13,3 faiz azdır.
Komitənin məlumatına əsasən, ötən ilin yanvar–iyun aylarında Azərbaycandan İtaliyaya 6,821 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri isə 3,602 milyard ABŞ dolları təşkil edib.
Qurumun məlumatına görə, cari ilin yanvar–iyun aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.
Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında ilk yeri İtaliya tutur (5,915 milyon ton, 3,495 milyard ABŞ dolları). Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.
İtaliya Azərbaycan üçün təkcə neft deyil, həm də qaz sahəsində əsas enerji tərəfdaşı olaraq qalır. Ölkə eyni zamanda Azərbaycan təbii qazının ən böyük idxalçısıdır ki, bu da ikitərəfli enerji əməkdaşlığının genişmiqyaslı xarakterini əks etdirir.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Trend-ə özəl müsahibəsində bildirib ki, yüksək səviyyəli məhsuldar siyasi dialoq çərçivəsində ikitərəfli əməkdaşlığın dərinləşməsi fonunda İtaliya ilə Azərbaycan arasında tərəfdaşlığın daha da genişləndirilməsi, eləcə də iqtisadi əməkdaşlığın strateji neft-qaz sektorundan kənarda şaxələndirilməsi üçün əlverişli şərait mövcuddur.
Çirielli həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli infrastrukturdur.
“Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi və Rusiya qazından imtina prosesinin dəstəklənməsi baxımından kritik əhəmiyyət kəsb edib. 2020-ci ildə istismara verildiyi vaxtdan Transadriatik Qaz Kəməri (TAP) artıq İtaliyaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib ki, bu da Bakını ölkəmizin ikinci ən böyük qaz tədarükçüsünə çevirib”, – deyə o vurğulayıb.