Bakı.Trend:
Qazaxıstan Milli Məhsul Kataloqunun (MMK) tərəfdaş ölkələrin rəqəmsal platformaları ilə inteqrasiyasını strateji istiqamət kimi nəzərdən keçirir və bu çərçivədə Azərbaycanla əməkdaşlıq xüsusi prioritet hesab olunur.
Bunu Trend-ə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirinin müavini Aset Nusupov bildirib.
"Bu istiqaməti strateji əhəmiyyətli hesab edirik. Məntiq sadədir: əgər Qazaxıstan və Azərbaycan Orta Dəhliz üzrə əsas tərəfdaşlardırsa, məhsul identifikatorlarının sinxronlaşdırılması o deməkdir ki, yük limanımızdan çıxan andan etibarən Xəzər dənizini keçməzdən əvvəl artıq Azərbaycan tərəfinin sistemində görünəcək", – deyə A.Nusupov bildirib.
O qeyd edib ki, MMK-nın tərəfdaş ölkələrin rəqəmsal platformaları ilə inteqrasiyası bir sıra praktik həllərin həyata keçirilməsinə imkan verəcək.
Xüsusilə, söhbət daxil olan yüklər barədə gömrük orqanlarının avtomatik əvvəlcədən məlumatlandırılmasından gedir ki, bu da limanlarda rəsmiləşdirmə müddətini qısaldacaq. Bundan başqa, sənədlərin rəsmiləşdirilməsi zamanı təkrarlanmaların aradan qaldırılması üçün məhsul identifikatorlarının qarşılıqlı tanınması, eləcə də saxta məhsullar və paralel idxalla birgə mübarizə nəzərdə tutulur.
Nazir müavininin sözlərinə görə, vahid məlumat bazası vicdansız bazar iştirakçılarının gömrük prosedurlarından keçərkən məhsulların təsvirini manipulyasiya etmək imkanlarını azaldacaq.
"Qazaxıstan bu istiqamətdə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə fəal əməkdaşlıq edir və Azərbaycanla inteqrasiya xüsusi prioritetdir. Üstəlik, ölkələrimiz nəqliyyat sahəsində rəqəmsal həllərin inteqrasiyası üzrə artıq təcrübəyə malikdir. Bu, möhkəm institusional baza yaradır. Əminik ki, yolu gedən qət edir. Buna görə də qarşıda birlikdə görəcəyimiz hələ çox işlər var", – deyə A.Nusupov vurğulayıb.