Bakı.Trend:
Qazaxıstan və Azərbaycanın birgə istehsal zəncirlərinin formalaşdırılması üçün real imkanları var.
Bunu Trend-ə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirinin müavini Aset Nusupov bildirib.
"Qazaxıstan metal, kimya və emal sənayesi məhsullarının iri istehsalçısıdır. Azərbaycan isə qeyri-neft sənayesini inkişaf etdirir. Birgə istehsal zəncirlərinin formalaşdırılması üçün real imkanlar mövcuddur", – deyə A.Nusupov bildirib.
Onun sözlərinə görə, Qazaxıstan-Azərbaycan əməkdaşlığının perspektivləri kifayət qədər genişdir və ikitərəfli münasibətlərin gələcək inkişafına mühüm töhfə verə biləcək bir sıra istiqamətləri əhatə edir.
A.Nusupov qeyd edib ki, əsas istiqamətlərdən biri nəqliyyat və logistika sahəsi olaraq qalır.
"Orta Dəhliz inkişafını davam etdirir. Bu ilin birinci rübündə yükdaşımaların həcmi illik müqayisədə 34,4 faiz artıb. Liman, dəmir yolu və rəqəmsal infrastrukturun birgə inkişafı qarşıdakı illər üçün ortaq prioritetimizdir", – deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, enerji sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirilir. Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri vasitəsilə nəql edilir. 2024-cü ildə bu marşrutla 1,42 milyon ton neft daşınıb. Tranzitin mərhələli şəkildə artırılmasını nəzərdə tutan razılaşmaya uyğun olaraq bu göstərici gələcəkdə daha da yüksələcək.
"Paralel olaraq, "yaşıl" enerji sahəsində əməkdaşlığa maraq artır. Hər iki dövlət bərpa olunan enerji mənbələri üzrə əhəmiyyətli potensiala malikdir", – deyə A.Nusupov qeyd edib.
O, digər perspektivli istiqamət kimi aqrar-sənaye kompleksini göstərib.
"Qazaxıstan taxıl, yağlı bitkilər və ət istehsalı üzrə aparıcı ölkələrdən biridir. Azərbaycan isə enerji sektorundan əldə olunan gəlirlərlə inkişaf edən bazardır. Qarşılıqlı ərzaq ticarəti sahəsində mövcud potensial hələ tam reallaşdırılmayıb", – deyə A.Nusupov bildirib.
Onun sözlərinə görə, hər iki ölkə rəqəmsallaşmaya da böyük həcmdə investisiya yatırır. Süni intellekt, rəqəmsal ticarət və elektron hökumət sahələrində birgə layihələr inkişaf imkanlarının demək olar ki, məhdud olmadığı istiqamətlərdəndir.
"Qazaxıstan və Azərbaycan eyni hədəfə yönəlmiş iki dövlətdir - müasir, texnoloji və açıq iqtisadiyyatın qurulmasına. Ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə keçidinin mühüm göstəricisi olacaq", – deyə A.Nusupov fikrini yekunlaşdırıb.