Bakı.Trend:
Qazaxıstan malların rəqəmsal izlənilməsi sistemlərinin inteqrasiyası sahəsində Azərbaycanla əməkdaşlıq üçün əhəmiyyətli potensial görür.
Bu barədə Trend-ə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirinin müavini Aset Nusupov bildirib.
O qeyd edib ki, iki ölkə arasında elektron sənəd dövriyyəsi platformalarının birgə istifadəsi istiqamətində də əməkdaşlıq potensialı mövcuddur.
"Bu, yüklərin Xəzər limanlarından keçid müddətini qısaldacaq və marşrutu daha da rəqabətqabiliyyətli edəcək", – deyə o bildirib.
Nazir müavini vurğulayıb ki, ticarətin rəqəmsallaşdırılması Qazaxıstan üçün ən mühüm prioritetlərdən biridir.
"Ölkəmiz BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə dünyanın ən yaxşı 25 ölkəsi sırasındadır (193 dövlət arasında 24-cü yer), onlayn xidmətlər altindeksi üzrə isə 3-cü mövqedə qərarlaşıb. Bu, təsadüfi deyil, ardıcıl dövlət siyasətinin nəticəsidir", – deyə A.Nusupov bildirib.
Nazir müavini rəqəmsal ticarətin əsas istiqamətləri sırasında 2025-ci ilin dekabr ayından etibarən tam fəaliyyət göstərən Malların İzlənilməsi İnformasiya Sistemini qeyd edib. Hazırda sistemə təxminən 2,4 min iştirakçı qoşulub, 485 müqavilə bağlanıb və 6,1 mindən çox elektron qaimə rəsmiləşdirilib. Onun sözlərinə görə, sistem malların istehsalçıdan son istehlakçıya qədər tam izlənilməsini təmin edir.
Bundan əlavə, nazir müavini 2026-cı il yanvarın 1-dən etibarən bütün ticarət iştirakçıları üçün məcburi olan Milli Məhsul Kataloquna diqqət çəkib. Hazırda sistemdə 30,5 milyondan çox məhsul mövqeyi qeydiyyata alınıb və onların hər birinə unikal NTIN identifikatoru təyin edilib.
A.Nusupov həmçinin Qazaxıstanın elektron gömrük bəyannaməsi və kağızsız sənəd dövriyyəsinin inkişafı sahəsində əldə etdiyi nailiyyətləri vurğulayaraq bildirib ki, ölkənin bütün hava limanları və aviaşirkətləri IATA standartlarına uyğun olaraq e-Freight sisteminə keçib.
O, beynəlxalq avtomobil daşımaları üçün rəqəmsal icazələrin tətbiqinə də ayrıca toxunaraq, Azərbaycanla birgə həyata keçirilən təşəbbüsü nəqliyyat marşrutlarında bürokratik ləngimələrin aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.