Bişkek.Trend:
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Media və Analitik Mərkəzlərinin 2026-cı il Forumu informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, intellektual əməkdaşlığın inkişafı və təşkilata üzv ölkələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində mühüm mərhələ olacaq.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Administrasiyasının İnformasiya Siyasəti Xidmətinin rəhbəri Dayırbek Orunbekov forumun açılış mərasimində çıxışı zamanı deyib.
D.Orunbekov bildirib ki, müasir dünya informasiya və texnologiyaların həlledici rol oynadığı yeni bir dövrə qədəm qoyub. Məlumatların yayılma sürətinin əhəmiyyətli dərəcədə artması isə kütləvi informasiya vasitələrinin və ekspert ictimaiyyətinin məsuliyyətini daha da yüksəldir.
Onun sözlərinə görə, bu gün informasiya ictimai şüura və dövlətlərin gələcəyinə təsir göstərən ən güclü vasitələrdən biridir. Bu baxımdan, tədqiqat mərkəzlərinin dərin analitik yanaşmasının jurnalistikanın operativliyi, dəqiqliyi və obyektivliyi ilə uzlaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
"Əminəm ki, analitiklər və KİV nümayəndələrinin birgə fəaliyyəti informasiya manipulyasiyalarına və etibarsız məlumatların yayılmasına qarşı etibarlı müdafiə olacaq, ictimaiyyət isə yalnız təsdiqlənmiş faktlarla təmin ediləcək", – deyə Orunbekov vurğulayıb.
O, həmçinin bildirib ki, Qırğızıstan daim açıqlıq, qarşılıqlı hörmət və konstruktiv dialoq prinsiplərinə sadiq qalır, eyni zamanda ŞƏT çərçivəsində informasiya, mədəni-humanitar, eləcə də ticarət-iqtisadi əlaqələri bundan sonra da inkişaf etdirmək niyyətindədir.
Çıxışının sonunda Orunbekov vurğulayıb ki, forum iştirakçılarının hər bir təklifi və irəli sürdüyü hər bir təşəbbüs təşkilat çərçivəsində əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək və onu keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək.
Qeyd edək ki, ŞƏT-ə üzv dövlətlərin Media və Analitik Mərkəzlərinin Forumu ilk dəfə olaraq Bişkekdə keçirilir. Tədbirin təşkilatçıları Qırğızıstan Milli İnformasiya Agentliyi "Kabar" və Çinin "Sinxua" İnformasiya Agentliyidir. Forumun işində 26 ölkədən, o cümlədən aparıcı informasiya agentliklərinin rəhbərləri, jurnalistlər, analitik mərkəzlərin, elmi müəssisələrin, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla, 250-yə yaxın nümayəndə iştirak edir.
Görüşün əsas mövzusu "ŞƏT yeni dövrdə: qarşılıqlı anlaşmadan praktik əməkdaşlığa doğru" adlanır.
Plenar iclaslar və tematik müzakirələr çərçivəsində iştirakçılar beynəlxalq informasiya əməkdaşlığının inkişafı, medianın rəqəmsal transformasiyası, humanitar əməkdaşlıq və qlobal informasiya məkanının aktual çağırışlarını müzakirə edirlər.