Bişkek.Trend:
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Media və Analitik Mərkəzlərinin 2026-cı il Forumu tərəfdaşlığın inkişafı üçün yeni imkanlar açacaq.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu "Kabar" Qırğızıstan Milli İnformasiya Agentliyi direktoru Mederbek Şermetəliyev Bişkekdə keçirilən ŞƏT-in KİV və Analitik Mərkəzlərinin 2026-cı il Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
"Qırğızıstan ŞƏT-in yaradılmasının 25 illiyi ilində təşkilata sədrlik edir. Bu, ölkəmiz üçün təkcə böyük şərəf və yüksək məsuliyyət deyil, həm də ŞƏT-in əsas prinsip və dəyərlərinin inkişafına yeni təkan vermək baxımından tarixi imkandır", – deyə Şermetəliyev bildirib.
Onun sözlərinə görə, hazırkı forum Qırğızıstanın təşkilata sədrliyi çərçivəsində keçirilən əsas tədbirlərdən biridir. ŞƏT-ə üzv və tərəfdaş olan 26 dövlətdən 250-yə yaxın nümayəndənin iştirakı ölkələrin informasiya, analitik və humanitar əməkdaşlığı möhkəmləndirmək əzmini nümayiş etdirir.
"Əminəm ki, budəfəki forum yeni ideyaların formalaşdırılması, strateji tərəfdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevriləcək və bütün regionumuzun dayanıqlı inkişafına əhəmiyyətli töhfə verəcək", – deyə Şermetəliyev qeyd edib.
"Kabar"ın rəhbəri vurğulayıb ki, müasir dünya sürətlə dəyişir və rəqəmsal texnologiyaların inkişafı informasiya mübadiləsini əhəmiyyətli dərəcədə asanlaşdırıb. Bununla yanaşı, dezinformasiyanın yayılması, informasiya manipulyasiyaları, kibertəhlükəsizlik təhdidləri və ictimai rəyə xarici təsirlə bağlı yeni çağırışlar da güclənib.
O bildirib ki, belə şəraitdə məsuliyyətli jurnalistika, peşəkar analitika və etibarlı faktlara əsaslanan informasiya siyasəti dövlətlər arasında etimadın möhkəmləndirilməsinin ən vacib amillərinə çevrilir.
Şermetəliyev vurğulayıb ki, ŞƏT ölkələri təkcə nəqliyyat və iqtisadi əlaqələri deyil, həm də intellektual, informasiya və humanitar əməkdaşlığı ardıcıl şəkildə genişləndirməlidirlər. Onun sözlərinə görə, analitik mərkəzlər arasında daimi dialoqun qurulması, birgə tədqiqatların aparılması, gənc ekspertlərin hazırlanması və KİV nümayəndələri arasında peşəkar təcrübə mübadiləsinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
O, həmçinin bildirib ki, "Kabar" İnformasiya Agentliyi informasiya əməkdaşlığı sahəsində belə təşəbbüsləri hərtərəfli dəstəkləməyə hazırdır.
"Biz Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, yalan məlumatların yayılmasına qarşı mübarizəyə, obyektiv və balanslaşdırılmış informasiya mübadiləsinin təmin edilməsinə yönəlmiş yeni əməkdaşlıq mexanizmlərinin inkişafında maraqlıyıq", – deyə agentliyin direktoru bildirib.
Şermetəliyev qeyd edib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun rəhbərliyi ilə ölkədə dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, informasiya açıqlığının genişləndirilməsi, dövlət orqanları ilə cəmiyyət arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi və müasir kommunikasiya siyasətinin inkişafı istiqamətində islahatlar ardıcıl şəkildə həyata keçirilir.
Çıxışını yekunlaşdıran "Kabar"ın direktoru vurğulayıb ki, bugünkü forum sadəcə fikir mübadiləsi üçün platforma deyil, həm də ümumi gələcəyin birgə formalaşdırılması üçün mühüm imkandır.
"Etimad informasiyadan başlayır. Etimad dialoq vasitəsilə möhkəmlənir. Yalnız bərabərhüquqlu tərəfdaşlığa əsaslanan dialoq dayanıqlı inkişafı təmin edə bilər. "Kabar" İnformasiya Agentliyi Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində informasiya və humanitar əməkdaşlığın genişləndirilməsinə bundan sonra da töhfə verməyə hazır olduğunu təsdiqləyir", – deyə M.Şermetəliyev bildirib.