Bakı. Trend:
Elbrusda xilas edilən alpinist Haris Adiloviç baş verən faciənin səbəbinin qrupun hazırlıq səviyyəsinin zəif olması deyil, yanlış hava proqnozu olduğunu bildirib.
O, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, yüksəlişdə iştirak edən bütün alpinistlər təcrübəli olub və bir-birlərini yaxşı tanıyıblar. Adiloviç qeyd edib ki, Bosniya və Herseqovinada alpinistlər dağların yaxınlıqda yerləşməsi səbəbindən demək olar ki, hər həftəsonu məşq edirlər.
"Buna görə də məsələ hazırlıq çatışmazlığında deyil. Düşünürəm ki, əsas səbəb yanlış hava proqnozu olub", – deyə o bildirib.
Adiloviç əlavə edib ki, alpinistlər başlanğıcdan etibarən çətinliklərlə üzləşiblər. Qrupun bələdçisi olmayıb, marşrutun ilkin mərhələsində isə iştirakçılardan biri ciddi şəkildə üşüməyə başlayıb və buna görə ilk dəstə geri qayıtmaq qərarı verib.
"İkinci dəstə yüksəlişi davam etdirdi, lakin təxminən 100–150 metr sonra biz də marşrutu davam etdirməkdən imtina etdik. Marşrutun bir hissəsində təhlükəsizlik kəndirlərini bərkitdikdən və bir qədər yuxarı qalxdıqdan sonra gördük ki, zirvəyə doğru vəziyyət daha da ağırdır. Buna görə geri qayıtmağa qərar verdik", – deyə o əlavə edib.
TASS agentliyinin daha əvvəl yaydığı məlumata görə, Elbrus dağının 5,3 min metr hündürlükdə yerləşən aşırımında bir qrup alpinist kömək istəyib. Xilasedicilər hadisə yerinə çatdıqda bir nəfərin həlak olduğu müəyyən edilib. Kabardin-Balkar Prokurorluğu bildirib ki, həlak olan alpinist Elbrusa Cılı-Su dərəsi istiqamətindən qalxırmış. Onun cəsədini könüllülər aşkar ediblər.
Kabardin-Balkar Respublikası İstintaq İdarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.