Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp 60 ölkədən idxal olunan məhsullara 10%-12,5% həcmində yeni gömrük rüsumları tətbiq edib.
Ağ Evin məlumatına görə, bu addım məcburi əməyin tətbiqi ilə istehsal olunan malların idxalına qarşı kifayət qədər tədbir görməyən ölkələri hədəfləyir.
Yeni tariflər ABŞ-a idxalın 99,4%-ni əhatə edəcək, lakin neft və qaz, gübrələr, eləcə də bəzi ərzaq məhsulları kimi mallar üçün çoxsaylı istisnalar nəzərdə tutulub.
10%-lik gömrük rüsumu Argentina, Banqladeş, Böyük Britaniya, Kamboca, Kanada, Ekvador, Salvador, Qvatemala, Honduras, Hindistan, İndoneziya, İordaniya, Malayziya, Meksika, Pakistan, Şri-Lanka, Trinidad və Tobaqodan idxal olunan məhsullara şamil ediləcək.
Avropa İttifaqı ölkələri, Tayvan, Yaponiya, Cənubi Koreya və İsveçrə üçün isə əvvəllər qüvvədə olan tariflərlə birlikdə ümumi rüsum dərəcəsi 10% və ya 12,5% səviyyəsində müəyyən edilib.
Qalan 38 ölkə, o cümlədən Vyetnam və Çin üçün 12,5%-lik tarif tətbiq olunacaq.
Ağ Evin nümayəndəsinin sözlərinə görə, bəzi ölkələr məcburi əməyə qarşı nəzarəti gücləndirdiyi üçün onlar üçün tariflər aşağı salınıb. Məsələn, Hindistana tətbiq ediləcək rüsum əvvəl nəzərdə tutulan 12,5%-dən 10%-ə endirilib.
ABŞ Ali Məhkəməsi Donald Trampın 2025-ci ilin aprelində elan etdiyi "Qurtuluş Günü" çərçivəsində tətbiq edilən qarşılıqlı tarifləri ləğv etdikdən sonra Vaşinqton müvəqqəti olaraq 10%-lik tarif rejiminə keçmişdi. Həmin məhdudiyyətlərin qüvvədə olma müddəti iyulun 24-də başa çatır.