Bakı. Trend:
2026-cı ilin ilk altı ayı ərzində Azərbaycanda 293 yeni dövlət standartı qəbul edilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.
Məlumata görə, yeni standartlar "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununun və digər qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət proqramlarında müəyyən edilmiş prioritet istiqamətlər nəzərə alınmaqla hazırlanıb və beynəlxalq standartlarla müasir tələblərə uyğunlaşdırılıb.
Qeyd olunub ki, qəbul edilən normativ sənədlər müxtəlif sahələr üzrə ölkədə istehlak olunan məhsulların, məhsul istehsalı proseslərinin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Bununla yanaşı, yeni dövlət standartlarının məhsulların rəqabət qabiliyyətinin artırılmasına, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsinə və istehsal proseslərinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına şərait yaradacağı bildirilir.