Bakı. Trend:
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,83 ABŞ dolları və ya 1,85 faiz artaraq bir barel üçün `100,56 ABŞ dolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 1,88 dollar və ya 1,98 faiz bahalaşaraq 96,69 dollar olub.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,97 dollar və ya 3,23 faiz artaraq bir barel üçün 62,94 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,98 dollar və ya 2,15 faiz artaraq bir barel üçün 94,17 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
“Trading Economics”in məlumatına görə, neftin qiyməti cümə axşamı bir barel üçün 88 ABŞ dollarına yüksələrək son altı həftənin ən yüksək səviyyəsinə çatıb və Yaxın Şərqdə gərginliyin artması fonunda ardıcıl beşinci ticarət sessiyasında bahalaşıb. Bildirilib ki, bazarlarda daha genişmiqyaslı təchizat pozuntuları ilə bağlı narahatlıqlar qiymət artımını dəstəkləyib.
“ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər İran Hörmüz boğazından keçən gəmilərə hücum edərsə, ABŞ İranın infrastruktur obyektlərinə zərbələr endirəcək. Buna cavab olaraq İran regiondakı ABŞ-la əlaqəli enerji obyektlərinə qarşı cavab tədbirləri görəcəyi ilə hədələyib.
Bu arada, İranın dəstəklədiyi husi silahlıları Qırmızı dənizdə iki Səudiyyə Ərəbistanına məxsus neft tankerinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Bu, həmin su hövzəsində tankerlərə qarşı ilk birbaşa hücum kimi qiymətləndirilir və Səudiyyə neftinin ixracı üçün əsas alternativ marşrutlardan biri ilə bağlı narahatlıqları artırıb.
Gərginliyin artması nəticəsində həm Qırmızı dəniz, həm də Hörmüz boğazı vasitəsilə dəniz daşımalarının təhlükəsizliyi ilə bağlı risklər daha da yüksəlib. Eyni zamanda, ABŞ qüvvələri ardıcıl 12-ci gündür İran hədəflərinə zərbələr endirib. Bununla yanaşı, həm Vaşinqton, həm də Tehran sülh danışıqlarının başlanması perspektivlərini aşağı qiymətləndirməyə davam edir”, - məlumatda qeyd edilib.