Bakı. Trend:
Tədqiqatçılar 70 ildən çox əvvəl Puerto-Riko sahillərində qəzaya uğrayaraq dənizə düşən Pan American Airways aviaşirkətinə məxsus təyyarənin qalıqlarını aşkar ediblər.
Təyyarə qəzası 1952-ci ildə baş verib. Douglas DC-4 təyyarəsini idarə edən pilotlar havaya qalxdıqdan dərhal sonra mühərriklərin sıradan çıxması barədə məlumat veriblər.
Güclü dalğalanma şəraitində layner Atlantik okeanına məcburi eniş edib. Təyyarə bir neçə dəqiqə sonra suya qərq olub.
ABŞ Sahil Mühafizəsi və Hərbi Hava Qüvvələri 12 sərnişini və ekipajın 5 üzvünü xilas edə bilib. Qəza nəticəsində 52 nəfər həlak olub.
Təyyarənin qalıqları 74 il sonra yüksək dəqiqlikli hidroakustik lokatorun (sonarın) köməyi ilə, təxminən 600 metr dərinlikdə aşkar edilib. Tədqiqatçıların əldə etdiyi görüntülərdə daşıyıcının PanAm loqosu və təyyarənin adı görünür.
Araşdırmalar nəticəsində təyyarənin iki hissəyə parçalandığı müəyyən edilib.