Bakı.Trend:
Azərbaycan təmsilçisi Nəfisə Akiyeva Vitebskdə keçirilən "Slavyan bazarı" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təşkil olunan XXXV "Vitebsk" Beynəlxalq Estrada Mahnıları İfaçıları Müsabiqəsində Belarus Prezidentinin "Slavyan ümidi" xüsusi mükafatına layiq görülüb.
Bu barədə Trend-in müxbirinə müsabiqənin Azərbaycanda milli seçim mərhələsinin direktoru, müğənni və prodüser Emin Həsən məlumat verib.
Fəxri mükafat Belarusun baş nazirinin müavini Natalya Petkeviç tərəfindən təqdim edilib.
"Belarus Prezidenti Aleksandr Lukaşenkonun Nəfisə Akiyevaya təqdim etdiyi "Slavyan ümidi" xüsusi mükafatı müsabiqənin ən prestijli xüsusi mükafatlarından biridir və azərbaycanlı müğənninin beynəlxalq səhnədə nümayiş etdirdiyi yüksək ifaçılıq məharətinin təsdiqidir", – deyə Emin Həsən bildirib.
1992-ci ildə təsis olunan "Slavyan bazarı" Beynəlxalq İncəsənət Festivalı Şərqi Avropanın ən iri mədəni forumlarından biri hesab olunur. Festival hər il dünyanın onlarla ölkəsindən sənətçiləri, musiqiçiləri, teatr kollektivlərini və mədəniyyət xadimlərini bir araya gətirir. Festivalın əsas tədbirlərindən biri ənənəvi olaraq dünya səhnəsinə yeni istedadlar qazandıran "Vitebsk" Beynəlxalq Estrada Mahnıları İfaçıları Müsabiqəsi sayılır.
Müsabiqənin yekunlarına əsasən, Qran-pri mükafatına İtaliya təmsilçisi Soraya layiq görülüb. Birinci mükafatı Amalat (Qazaxıstan) qazanıb. İkinci yer mükafatları ilə Yelena Kuznetsova (Belarus) və Aleksey Osiçev (Moldova) təltif olunublar, üçüncü mükafatlar isə İrakli Qaleliyaya (Gürcüstan) və Nurdoolot Derkembayevə (Qırğızıstan) təqdim edilib.




