Bakı. Trend:
“IT SkillSprint” proqramında təhsil alan tələbələrin 27-si artıq işə düzəlib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova “IT SkillSprint” beynəlxalq təhsil proqramının bağlanış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, proqram universitet–sənaye–dövlət əməkdaşlığına əsaslanan “triple helix” modeli üzrə qurulub.
“Bu model iqtisadi inkişafın və innovasiyaların formalaşmasında dövlət, universitet və sənayenin qarşılıqlı əməkdaşlıq mexanizmini təsvir edən strateji yanaşmadır. Eyni zamanda innovasiya ekosisteminin əsas hərəkətverici qüvvəsidir,” – deyə o bildirib.
V.Qurbanova qeyd edib ki, layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin təşəbbüsü əsasında həyata keçirilib, sənaye tərəfdaşı qismində isə İspaniyanın Ironhack İT bootcamp şirkəti çıxış edib.
“Layihə tam şəkildə Azərbaycanın ali təhsil üzrə qanunvericiliyinə uyğunlaşdırılıb. Əsas məqsəd tələbələrin bootcamp çərçivəsində əldə etdikləri bilik, bacarıq və akademik kreditlərin ali təhsil müəssisələri tərəfindən tam tanınmasını təmin etməkdir,” – deyə departament müdiri vurğulayıb.
Onun sözlərinə görə, proqram 20 həftə, ümumilikdə 450 saat davam edib və ölkənin 11 ali təhsil müəssisəsindən 120 tələbəni əhatə edib.
V.Qurbanova bildirib ki, proqrama 1 167 nəfər müraciət edib ki, bu da ölkədə İT ixtisasları üzrə təhsil alan üçüncü kurs tələbələrinin 61 faizini təşkil edir. Seçim mərhələlərindən sonra 123 nəfər qəbul olunsa da, üç nəfərin imtinası nəticəsində layihə 120 iştirakçı ilə həyata keçirilib.
Akademik nəticələrə toxunan departament müdiri proqramın 100 faiz uğurla tamamlandığını deyib.
“120 nəfər təlimlərə başlayıb və 120 nəfər də təlimləri bitirib. Bütün tələbələr minimum 80 faiz davamiyyət göstərib, capstone layihələrini uğurla tamamlayaraq proqramı başa vurublar,” – deyə o bildirib.
Onun sözlərinə görə, tələbələrin proqramdan ümumi məmnunluq göstəricisi 5 bal üzərindən 4,67 bal olub. Ən yüksək göstərici kibertəhlükəsizlik istiqamətində 4,87 bal, ən aşağı göstərici isə web development istiqamətində 4,17 bal təşkil edib.
Məşğulluq nəticələrindən danışan V.Qurbanova bildirib ki, layihə müddətində 27 tələbə iş təklifi alıb.
“Hazırda 31 nəfər işləyir. Onlardan dördü layihəyə başlamazdan əvvəl çalışırdı, 27 nəfər isə proqram müddətində iş təklifi alıb. Hazırda 93 nəfər aktiv iş axtarır və cari məşğulluq göstəricimiz 29 faizdir,” – deyə o qeyd edib.
Onun sözlərinə görə, məzunlar Azercosmos, Milli Kibertəhlükəsizlik Mərkəzi, Kapital Bank, Unibank, AZAL, AzInTelecom, Azərpoçt, Expressbank, SINAM, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, Azcon Holding, Flyren AI, TechnoSol, Prosol və Upturn Lab kimi qurumlarda işlə təmin olunublar.
V.Qurbanova əlavə edib ki, layihənin yekun məşğulluq nəticələri tələbələr universiteti bitirdikdən sonra yenidən qiymətləndiriləcək.
“Adətən təhsil layihələrinin məşğulluq göstəricisini proqram başa çatdıqdan altı ay sonra təhlil edirik. Bu layihədə iştirakçılar hələ universitetdə oxuduqları üçün yekun qiymətləndirməni təxminən bir il yarımdan sonra aparmağı planlaşdırırıq,” – deyə o bildirib.