Bakı. Trend:
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək 679,8 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 529,6 milyard kubmetr qaz hasil edilib.
Bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib.
Hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 625,6 milyon ton neft, 251,1 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 54,2 milyon tona yaxın kondensat, 278,5 milyard kubmetr qaz hasil edilib.
bp şirkətinin operatoru olduğu AÇG layihənin icrası SOCAR, MOL, INPEX, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh” şirkətləri tərəfindən həyata keçirilir. Hasil olunan neft Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac boru kəmərləri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə nəql olunub. Qeyd edək ki, 1994-cü il 20 sentyabr tarixində imzalanan “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş əsasında AÇG-nin istismarına başlanılıb.
Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının inkişafı istiqamətində də yeni mərhələyə hazırlıq görülür. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində jurnalistlərə bildirib ki, AÇG-nin dərin laylarında aşkar edilmiş yeni neft həlqəsindən hasilata bu ilin sentyabr ayında başlanılması planlaşdırılır.
O bildirib ki, şirkət yeni kəşf olunmuş neft ehtiyatlarının həcmini dəqiqləşdirmək üçün hasilat quyusu qazmağa başlayıb.
“Əvvəldən bu ərazidə neft ehtimalı mövcud olsa da, ehtiyatların dəqiq həcmi məlum olmayıb. Buna görə də neft həlqəsindən hasilata başlamaq və real göstəriciləri müəyyənləşdirmək məqsədilə quyu qazılıb. Bu quyu vasitəsilə həm də neft həlqəsinin ölçüsü və potensialı barədə daha dəqiq məlumat əldə ediləcək”, - o qeyd edib.
Cio Kristofoli bildirib ki, hasilatın sentyabr ayında başlanması planlaşdırılır və bu proses yeni kəşf olunmuş neft ehtiyatlarının həcminin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.
bp rəsmisi əlavə edib ki, quyudan əldə olunacaq məlumatlar yatağın gələcək inkişaf strategiyasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşıyır.
“Şahdəniz” yatağı isə Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşir və 140 kvadrat kilometrdən çox sahəni əhatə edir. 1999-cu ildə kəşf edilən yatağın ehtiyatları ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat təşkil edir.
Yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilib. 2003-cü ildə birinci mərhələ üzrə yekun investisiya qərarı verilib və 2006-cı ildə kommersiya hasilatına başlanılıb. 2013-cü ildə isə “Şahdəniz 2” layihəsi təsdiqlənib və 2018-ci ildən hasilata daxil olub.
Hazırda layihənin inkişafı növbəti mərhələdə – kompressiya layihəsi çərçivəsində davam etdirilir. 2,9 milyard dollar dəyərində olan bu layihə yataqda aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını artırmağı hədəfləyir və əlavə təxminən 50 milyard kubmetr qazın əldə olunmasına imkan yaradacağı gözlənilir.
Eyni zamanda, “Şahdəniz” layihəsi Azərbaycanda yerli sənaye potensialının və ixtisaslı kadrların inkişafına da mühüm töhfə verib. Layihə çərçivəsində minlərlə iş yeri yaradılıb, yerli tikinti və xidmət şirkətləri beynəlxalq enerji layihələrinə inteqrasiya olunub.