Bakı.Trend:
Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın 73,2 faizinin ödənilməsi təmin edilib.
Bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, hesabat dövründə cinayət işləri üzrə ümumilikdə 8 milyon 777 min 740 manat məbləğində maddi ziyan müəyyən edilib. Bunun 6 milyon 432 min 712 manatı və ya 73,2 faizi ödənilib.
Müşavirədə həmçinin vətəndaş müraciətlərinə baxılması, axtarışda olan və xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində tədbirlərin gücləndirilməsi, eləcə də “Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı tapşırıqlar verildiyi qeyd olunub.
Müşavirədə, həmçinin bildirilib ki, hesabat dövründə Bakı şəhər prokurorluğuna 10573 müraciət daxil olaraq baxılmış, ümumilikdə 1299 vətəndaş qəbulu həyata keçirilmiş, onlardan 173 nəfər Bakı şəhər prokuroru tərəfindən qəbul edilmişdir.