Bakı. Trend:
Hamilə qadının və bətnindəki körpəsinin ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumata görə, hamilə olan 2003-cü il təvəllüdlü Səbinə Əmrahovaya iyulun 14-də ev şəraitində antibiotik preparatı inyeksiya edildikdən sonra onun səhhəti pisləşib və tibb müəssisəsinə yerləşdirilib. Qadın iyulun 15-də müalicə aldığı xəstəxanada bətnindəki döl ilə birlikdə həyatını itirib.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.
Baş Prokurorluqdan bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq.