Bakı. Trend:
MİQ imtahanının ikinci günündə Balakən şəhər İmaməddin Nəsimi adına 2 nömrəli tam orta məktəbdə internet şəbəkəsində yaşanan texniki nasazlıq səbəbindən 41 namizəd imtahanı davam etdirə bilməyib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sözügedən namizədlər üçün imtahan prosesi 18 iyul tarixində təşkil olunacaq. İmtahanın yenidən təşkilinə dair müvafiq bildiriş namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günü imtahana 5809 namizəd dəvət olunub. Ümumilikdə 95% davamiyyət qeydə alınıb. Bu gün namizədlər təsviri incəsənət, texnologiya, Azərbaycan dili, biologiya və fiziki tərbiyə fənləri üzrə bilik və bacarıqlarını yoxlayıblar", - mətbuat xidmətinin məlumatında qeyd olunub.
Həmçinin bildirilib ki, bu gün təşkil olunan müəllimlərin işə qəbulu prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 16 iyul saat 12:00-dan etibarən başlanılacaq. Müraciətlər 48 saat (2 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.