Bakı. Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə həyata keçirilən "Azərbaycan Mədəniyyətinin Yay Məktəbi" layihəsi çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Yay zalında Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib. Bu barədə təşkilatçılar məlumat veriblər.
Konsertdə Azərbaycan və Özbəkistan ifaçılarının birgə çıxışları təqdim olunub. Tədbirdə dövlət və ictimai xadimlər, elm və mədəniyyət nümayəndələri, tələbələr, kütləvi informasiya vasitələrinin təmsilçiləri və şəhər sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən AMM-in direktoru Akif Mərifli, Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səmədzadə, AMEA Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov layihənin Azərbaycan və Özbəkistan arasında mədəni dialoqun genişlənməsi, iki qardaş xalqın zəngin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlər ortaq tarixi köklərə, zəngin mədəni irsə, milli-mənəvi dəyərlərə və qədim musiqi ənənələrinə əsaslanır. Bildirilib ki, bu cür mədəni layihələr gənc nəslin milli irsə bağlılığının möhkəmləndirilməsinə, xalqlarımız arasındakı tarixi-mədəni əlaqələrin gələcək nəsillərə ötürülməsinə, həmçinin iki ölkənin elm, mədəniyyət və incəsənət nümayəndələri arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir.
Tədbirin bədii hissəsində AMM-in "Xarıbülbül" teatr truppası və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri çıxış edərək Azərbaycan və Özbəkistanın zəngin musiqi və rəqs sənətinin parlaq nümunələrini təqdim ediblər.




















