Bakı. Trend:
Bu ildən Azərbaycanda təhsil sənədlərinin elektron formatda verilməsinə başlanılıb və ilk elektron diplom artıq vətəndaşa təqdim edilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda elektron diplom peşə təhsili üzrə məzunlara təqdim olunur. Yaxın vaxtlarda elektron diplomlar, attestatlar və sertifikatlar da “my.gov” platforması üzərindən vətəndaşlar üçün əlçatan olacaq.
H.Həsənli bildirib ki, son illərdə təhsil sistemində rəqəmsal infrastrukturun inkişafı istiqamətində mühüm addımlar atılıb. Hazırda bütün təhsil müəssisələri vahid intranet şəbəkəsinə qoşulub, internet və intranet xidmətləri ilə təmin edilib. Şagirdlərin 82 faizinin təhsil aldığı məktəblərdə genişzolaqlı internetdən istifadə mümkündür.
Nazir müavini qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində məktəblərin kompüter təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Belə ki, altı il əvvəl hər 33 şagirdə bir kompüter düşürdüsə, hazırda bu göstərici hər altı şagirdə bir kompüter səviyyəsinə çatdırılıb.
Onun sözlərinə görə, təhsil sistemində 60-dan çox elektron xidmət göstərilir və onların mərhələli şəkildə “my.gov” platformasına inteqrasiyası həyata keçirilir. İlk mərhələdə ən çox istifadə olunan səkkiz xidmət platformaya köçürülüb və bu xidmətlərdən hər il təxminən 400 min nəfər istifadə edir.
H.Həsənli bildirib ki, Bakı şəhərində tətbiq edilən “Rəqəmsal məktəb” platforması vasitəsilə məktəblərin idarə olunması, müəllim, şagird və valideynlər arasında əlaqə, qiymətləndirmə, tədris materiallarına çıxış və digər proseslər elektronlaşdırılıb. Hazırda platformanın 900 mindən çox istifadəçisi var və sentyabr ayından etibarən regionlarda da tətbiqinə başlanıldıqdan sonra istifadəçi sayının 2 milyona çatacağı gözlənilir.
Nazir müavini əlavə edib ki, platformada formalaşan böyük həcmdə məlumat bazası üzərində süni intellekt texnologiyaları tətbiq edilir. Microsoft və Google ilə əməkdaşlıq çərçivəsində Bakı məktəblərində çalışan 45 min müəllim üçün süni intellekt əsaslı rəqəmsal köməkçi alətlər istifadəyə verilib. Hazırda bu alətlərdən istifadə səviyyəsi təxminən 20 faiz təşkil edir və yeni tədris ili ərəfəsində müəllimlər üçün geniş maarifləndirmə və təlim proqramlarının keçirilməsi planlaşdırılır.
