Şuşa.Trend:
Böhranların və təbii fəlakətlərin işıqlandırılması jurnalistlərdən təkcə peşəkar bacarıqlar deyil, həm də ciddi psixoloji və fiziki hazırlıq tələb edir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Türkiyənin "Anadolu" agentliyinin İdarə Heyəti sədrinin müavini və baş redaktoru Yusuf Özxan IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
"Böhranları, dağıntıları və təbii fəlakətləri işıqlandırmaq son dərəcə çətin işdir. Zəlzələdən sonra onlarla jurnalistimiz, operatorumuz və fotoqrafımız zərərçəkmiş bölgələrə ezam olundu və onlar bir ay ərzində son dərəcə ağır şəraitdə çalışdılar. Onlar təkcə peşəkar çətinliklərlə deyil, həm də ciddi emosional gərginlik, yuxusuzluq və ailələrindən uzaq qalmaq kimi sınaqlarla üzləşdilər. Redaksiya rəhbərləri başa düşməlidirlər ki, jurnalistlərin qayğısına qalmaq materialların hazırlanması qədər vacibdir", - deyə Özxan bildirib.
Onun sözlərinə görə, jurnalistlər özləri də dünyaya çatdırdıqları hadisələrin ayrılmaz hissəsinə çevrilirlər.
"Jurnalistin hekayəsi də baş verənlərin bir hissəsidir. Çünki məhz onlar insanların operativ məlumatlandırılmasını mümkün edirlər. Əməkdaşlarımızın fədakar fəaliyyəti sayəsində zəlzələdən zərər çəkmiş Hataydan ilk görüntülər internetin olmamasına və infrastrukturun dağılmasına baxmayaraq, elə həmin gecə redaksiyaya çatdırıldı. Materialları göndərmək üçün fotoqraflar rabitə tapmaq məqsədilə şəhərdən onlarla kilometr uzağa getməli olurdular", - deyə o qeyd edib.
Özxan vurğulayıb ki, bu cür hallar fövqəladə vəziyyət zonalarında çalışan jurnalistlərə dəstəyin vacibliyini və onların dünya ictimaiyyətinin vaxtında məlumatlandırılmasındakı mühüm rolunu bir daha nümayiş etdirir.