Bakı. Trend:
BMT-nin Nyu-York şəhərində keçirilən Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycanın DİM-lərin icrası üzrə təcrübəsi (HLPF 2026) təqdim edilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, BMT-nin Nyu-York şəhərində keçirilən Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun (HLPF 2026) birinci həftəsi başa çatıb. Forum çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində mövcud qlobal çağırışlar, əldə olunmuş irəliləyişlər və məqsədlərə nail olunmasının sürətləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Forumda iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Azərbaycanda DİM-lərin milli inkişaf prioritetlərinə inteqrasiyası, lokallaşdırılması, dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti, akademik dairələr və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, habelə bu sahədə əldə edilən təcrübə barədə məlumat verib.
Forum çərçivəsində 2027-ci ildə Könüllü Milli Hesabat (Voluntary National Review – VNR) təqdim edəcək ölkələrin dəyirmi masasında, eləcə də DİM-lərin əlaqələndirilməsi və həyata keçirilməsində maraqlı tərəflərin iştirakına həsr olunmuş xüsusi sessiyada Könüllü Milli Hesabatın hazırlanması prosesi çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və yeni əməkdaşlıq imkanlarının genişləndirilməsinin önəmi vurğulanıb.
Həmçinin, Hüseyn Hüseynov Afrika ölkələri, İnkişafda Olan Kiçik Ada Dövlətləri və Orta Gəlirli Ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası zamanı qarşıya çıxan çağırışlara həsr olunmuş tematik sessiyada Azərbaycanın bu sahədə təcrübəsini bölüşüb.

