Bakı. Trend:
İran və ABŞ arasında İslamabad anlaşma memorandumunun hazırda böhranlı mərhələyə daxil olmasında şübhə yoxdur.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (13 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Diqqət yetirmək lazımdır ki, İran və ABŞ arasında İslamabad anlaşma memorandumunun böhranlı mərhələyə daxil olmasında İran heç vaxt öhdəliklərinin pozulmasında öncül olmayıb”, - deyə o qeyd edib.
Bəqai əlavə edib ki, İran hər bir müzakirəyə ciddi şəkildə ölkənin mənafeyini nəzərə almaqla daxil olub və anlaşma əldə olunduğu hər zaman öz öhdəliklərini xoşməramlı və ciddi şəkildə yerinə yetirib.
“Öz öhdəliyini pozan qarşı tərəf -ABŞ olub. Hətta Hörmüz boğazı haqda İranın öhdəlikləri ilə əlaqədar anlaşma memorandumunun 5-ci müddəasında nəzərdə tutulan 1 aylıq müddətin keçməsinə icazə verilməyib. 14 müddəalıq anlaşmanın detallarına diqqət yetirilərsə, ABŞ tərəfi öz öhdəliklərini yerinə yetirməyib. İran də əvvəldən bildirmişdi ki, qarşı tərəf öz öhdəliklərini yerinə yetirdiyi halda, İran öz öhdəliklərini yerinə yetirəcək”, - deyə o qeyd edib.
Bəqai bildirib ki, İranı öz öhdəliklərini pozmaqda heç kim ittiham edə bilməz. Bütün hallarda İranın və qarşı tərəfin öhdəlikləri aydındır. Sənədli şəkildə sübut oluna bilər ki, qarşı tərəf müxtəlif bəhanələrlə bu anlaşmanın müxtəlif detallarını pozub. İran tərəfi davamında da həmin formada addım atacaq. Qarşı tərəf öhdəliklərini yerinə yetirmədiyi halda, İranda öz öhdəliklərini yerinə yetirməkdən çəkinəcək.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.