Bakı.Trend:
Beynəlxalq Stolüstü Tennis Federasiyası (ITTF) iyulun 28-dən etibarən Rusiya idmançılarının qurumun himayəsi altında keçirilən yarışlarda tamhüquqlu iştirakına icazə verəcək.
Bu barədə Rusiya Stolüstü Tennis Federasiyasının (FNTR) mətbuat xidməti açıqlama verib.
"ITTF İcraiyyə Şurası Rusiya pasportuna malik idmançıların ITTF yarışlarında iştirakını nəzərdən keçirib. Məsələnin müzakirəsindən sonra İcraiyyə Şurası Rusiya pasportuna malik idmançıların 28 iyul 2026-cı il tarixindən etibarən ITTF yarışlarında iştirakının tam bərpasını təsdiqləyib", – deyə Rusiyanın Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinin TASS-a təqdim etdiyi ITTF məktubunda bildirilir.
Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin təşkilata üzvlüyünü bərpa etmiş, həmçinin Rusiya idmançılarına tətbiq olunan bütün məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə etmişdi.