Bakı. Trend:
Azərbaycan 2026-cı il 9–12 iyul tarixlərində İsveçrənin Davos şəhərində keçirilən Startup World Cup Championship 2026 beynəlxalq çempionatında uğurla təmsil olunub. Ölkəmizi yarışda ümumilikdə yeddi komanda təmsil edib. Onlardan iki komanda əsas kateqoriyalar üzrə bürünc medal qazanaraq beynəlxalq mükafatçılar sırasında yer alıb, digər komandalar isə təqdim etdikləri innovativ startap layihələrinə görə müxtəlif xüsusi nominasiyalarla təltif olunublar.
Beləliklə, Azərbaycan komandaları hər iki əsas kateqoriya üzrə qaliblər sırasında yer alıblar.
SAGE kateqoriyası
🥇 1-ci yer – Slovakiya 🥈 2-ci yer – Avstraliya 🥉 3-cü yer – Azərbaycan, “Irs Bow” komandası – 2062 xal
SIFE (SCI) kateqoriyası
🥇 1-ci yer – Cənubi Afrika 🥈 2-ci yer – Türkmənistan 🥉 3-cü yer – Azərbaycan, “Smell Well” komandası – 2103 xal
Çempionat çərçivəsində yalnız startap layihələri deyil, həm də MINIBOSS beynəlxalq ailəsinin fəal üzvləri müxtəlif xüsusi nominasiyalarla təltif olunublar.
Azərbaycan nümayəndə heyətinin üzvləri də bu fəxri mükafatlara layiq görülüblər:
* “Grandfather of the Year” (“İlin babası”) nominasiyası – Rauf Hüseynov * “Mother of the Year” (“İlin anası”) nominasiyası – Ruhiyyə Əliyeva
Bu mükafatlar onların MINIBOSS beynəlxalq ailəsinin inkişafına verdikləri töhfənin, uşaqlara göstərdikləri dəstəyin və sahibkarlıq təhsilinin inkişafındakı fəal iştiraklarının yüksək qiymətləndirilməsinin göstəricisidir.
Azərbaycan komandalarının əldə etdiyi beynəlxalq uğurlar və nümayəndə heyətinin xüsusi nominasiyalarla təltif olunması ölkəmizdə gənc sahibkarların hazırlanması istiqamətində aparılan sistemli fəaliyyətin uğurlu nəticəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq sahibkarlıq platformalarında nüfuzunun daha da möhkəmləndiyini nümayiş etdirir.
Qeyd edək ki, MINIBOSS Business School beynəlxalq şəbəkəsi tərəfindən təşkil olunan çempionatda 15-dən çox ölkədən 25-dən artıq komanda öz innovativ startap layihələrini beynəlxalq münsiflər heyətinə təqdim edib.
Çempionat Global Business Week 2026 çərçivəsində təşkil olunub. Dünyanın müxtəlif ölkələrindən gələn gənc sahibkarları, innovatorları və biznes liderlərini bir araya gətirən bu mötəbər beynəlxalq tədbir innovasiya, sahibkarlıq və liderlik sahəsində ən nüfuzlu platformalardan biri hesab olunur.










