Bakı. Trend:
İsraildə parlament seçkilərin tarixi oktyabrın 27-nə təsdiqlənib, hökumət tam səlahiyyət müddətini başa vuracaq.
Bu barədə "Times of İsrael" portalı məlumat verib.
Ölkədə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Son 40 ildə ilk dəfədir ki, parlament seçkiləri əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun keçiriləcək, Baş nazir Benyamin Netanyahunun hökuməti isə son 50 ildə tam səlahiyyət müddətini başa vuran ilk hökumət olacaq.
Knessetin hüquq müşaviri Sagi Afik bazar günü bildirib ki, parlament iyulun 17-də buraxılacaq və seçkilər qanunla müəyyən edilmiş ilkin tarixdə – oktyabrın 27-də keçiriləcək.
“Hazırkı Knesset tam səlahiyyət müddətini başa vuracaq və vaxtından əvvəl buraxılmayacaq. Seçkilərin tarixi qanunla müəyyən edildiyi kimi – 27 oktyabr olaraq qalır”, – deyə Afik Knessetin Komissiyasının iclasında bildirib.
Bu, 1988-ci ildən bəri İsraildə planlaşdırılmış vaxtda keçiriləcək ilk seçklilər olacaq. Eyni zamanda, Baş nazir Benyamin Netanyahunun hazırkı hökuməti 1973-cü ildən bəri tam səlahiyyət müddətini başa vuran ilk İsrail hökuməti olacaq.